Qərbi Azərbaycan Xronikası:
1064
08:16, Bu gün

Qərbi Azərbaycan Xronikası: "Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə olub. O, doğulub boya-başa çatdığı Qarakilsə rayonunun Murğuz kəndindən söhbət açıb.
 
Professor qeyd edib ki, Murğuz toponimi türk dilində "təpə" mənasında işlənən "mar" sözünün fonetik variantı olan "mur" sözü ilə "ğuz" etnonimi əsasında əmələ gəlib. "Ğuz" ərəb mənbələrində "Oğuz" etnoniminin adını təşkil edir. Bu faktın özü Murğuzun tarixən türklərin yaşadığı qədim kənd olduğunu sübut edir.
 
Müsahibin sözlərinə görə, ötən əsrin əvvəlində Qarakilsə rayonu, o cümlədən Murğuz kəndi bir neçə dəfə ermənilərin silahlı basqınlarına məruz qalıb. 1918-ci ildə isə buradakı azərbaycanlılara qarşı soyqırımı və deportasiya törədilib. Murğuz sakinləri Naxçıvana və Azərbaycanın digər yaşayış məntəqələrinə pənah aparıblar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra isə sağ qalan soydaşlarımız tədricən öz evlərinə qayıda biliblər. 1988-ci il deportasiyasına qədər Murğuzda 800 azərbaycanlı yaşayıb.
 
S.Atakişizadə vurğulayıb ki, Murğuz kəndi erməni daşnaklarının hücumlarına məruz qalanda anasının dayısının başını kəsiblər. Sovet hakimiyyəti illərində ermənilər bu siyasəti ən müxtəlif adlar altında həyata keçiriblər. Kəndin sayılıb-seçilən şəxsləri daim ermənilərin fiziki-mənəvi təzyiqləri, şər-böhtanları ilə üzləşib. Soydaşlarımız məcburiyyət qarşısında qalıb öz ata-baba yurdlarını tədricən tərk ediblər. 1988-ci ilin sonuncu deportasiyası da azərbaycanlılar üçün itkisiz başa gəlməyib.
 
Professorun dediyinə görə, 1988-ci ildə ermənilər onun əmi və xala oğlanlarını huşunu itirənə qədər döyüb, öldüklərini zənn edərək birini dərəyə, digərini çaya atıblar. Xoşbəxtlikdən onlar bir neçə saat sonra özlərinə gələrək yaxınlıqdan keçən köç karvanlarına özlərini çatdıra, öz həyatlarını xilas edə biliblər. Müsahibin ailə üzvlərinin köç maşınını da silahlı ermənilər gülləbaran ediblər.
 
S.Atakişizadə Qərbi Azərbaycan İcmasındakı fəaliyyətindən, gənclər arasında apardığı maarifləndirmə işlərindən də danışıb. Deyib ki, el-obanın tarixini, adət-ənənələrini gənclərə çatdırır, bu yolla tarixi torpaqlarımıza dair həqiqətləri yaşadırlar.
 
Ata-anasının Vətən həsrəti ilə vəfat etdiyini xatırladan professor S.Atakişizadə vurğulayıb ki, o, valideynləri kimi Murğuz həsrəti ilə dünyadan köçmək istəmir, doğma kəndə köçəcəyi günü səbirsizliklə gözləyir.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Link kopyalandı!
Son xəbərlər