"Antisemitizm xərçəng şişi kimidir, liderlər susanda o, yayılır..."
Avstraliyanın Sidney şəhərində, məşhur Bondi-biç çimərliyində Hanuka bayramının qeyd olunduğu vaxt silahlı hücum baş verib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
Hanuka bayramı faciə ilə yarımçıq qaldı
Avstraliya polisi bildirib ki, atışma nəticəsində 11 nəfər həlak olub, hücum edən şəxslərdən biri öldürülüb, digəri isə ağır yaralı halda saxlanılıb. Hadisə zamanı azı 29 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib, yaralılar arasında bir uşaq və iki polis əməkdaşı da var.

Polisin məlumatına görə, hücum terror aktı kimi qiymətləndirilir. Hadisə yerində əməliyyat davam edir, çünki istintaq üçün risklər tam aradan qalxmayıb. Yeni Cənubi Uels ştatının polis komissarı Mal Leyon bildirib ki, hadisə yerinin yaxınlığında tapılan avtomobildə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlanıb. Onlardan biri zərərsizləşdirilib və təhlükəsiz əraziyə daşınıb.
Leyonun sözlərinə görə, həmin qurğu öldürülmüş hücumçu ilə birbaşa əlaqəlidir. Rəsmi şəxslər ilkin olaraq iki silahlı şəxsin "neytrallaşdırıldığını" açıqlasa da, üçüncü atəş açanın ola biləcəyi ehtimalı da araşdırılır. Ştatın baş naziri Kris Minns hücumun "Sidneydəki yəhudi icmasına qarşı yönəldildiyini" bəyan edib.
Qəhrəmanlıq anı və şahid ifadələri
Hanuka tədbiri yerli "Chabad of Bondi" yəhudi mərkəzi tərəfindən təşkil olunub və "bütün yaşlar üçün" nəzərdə tutulub. Tədbirdə mindən çox insan iştirak edib. Hücumdan cəmi bir saat əvvəl ərazi dolu olub, musiqi səslənib, əyləncə zonaları, o cümlədən süni dırmanma meydançası fəaliyyət göstərib.
Hadisə zamanı iştirakçılardan birinin hücum edənlərdən birinin əlindən silahı alması videoya düşüb və sosial şəbəkələrdə geniş yayılıb. Kris Minns həmin şəxsi "əsl qəhrəman" adlandıraraq, onun cəsarəti sayəsində çoxlu insanın həyatının xilas edildiyini deyib.
BBC-nin hadisə yerində olan müxbirləri bildirib ki, atəş səslərindən sonra yüzlərlə insan təlaş içində çimərlikdən qaçıb. Təcili tibbi yardım xidməti əraziyə çoxsaylı briqadalar, maşınlar və helikopterlər göndərib, yaralılar xərəkdə xəstəxanalara daşınıb.
"Antisemitizm xərçəng kimidir"
Sidneydəki qanlı hadisəyə İsrailin baş naziri Benyamin Netanyahu da sərt reaksiya verib. Dimona şəhərində çıxışı zamanı o, hücum nəticəsində 11 yəhudinin öldüyünü xatırladaraq bildirib ki, hələ avqust ayında Avstraliyanın baş naziri Entoni Albanezeyə məktub yazaraq, radikal antisemitizmə göz yumulmasının ağır nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib.
Netanyahunun sözlərinə görə, Albanezenin siyasəti yəhudilərə qarşı nifrəti təşviq edir və bu nifrət artıq Sidney küçələrində açıq şəkildə görünür. "Antisemitizm xərçəng şişi kimidir. Liderlər susanda o, yayılır. Zəifliyi real addımlarla əvəz etmək lazımdır", - İsrailin baş naziri vurğulayıb.