"Zelenskiyə təzyiq artarkən Avropa ehtiyatlı mövqeyini qoruyur..."
London görüşündə Fransa, Almaniya və Böyük Britaniya liderləri Zelenskiyə "dəyişməz dəstək" ifadə edərək bildirib ki, məqsəd Ukraynada dayanıqlı və ədalətli sülhə nail olmaqdır.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
London görüşündə ümumi mövqe axtarışı
Nəşrin məlumatına görə, liderlər ABŞ vasitəçiliyi ilə gedən danışıqların ara nəticələrini, təhlükəsizlik zəmanətlərini və Ukraynanın müharibədən sonrakı bərpasını müzakirə edib. Zelenski bildirib ki, Ukraynanın təkbaşına həll edə bilməyəcəyi məsələlər var və ABŞ-Avropa birlikdə hərəkət etməlidir.
O, Donbas və Luqansk üzrə razılığın hələ əldə olunmadığını, tərəflərin mövqelərinin uyğun gəlmədiyini vurğulayıb. Görüşdən sonra bildirilib ki, danışıqlar yaxın günlərdə milli təhlükəsizlik müşavirləri səviyyəsində davam etdiriləcək. Eyni zamanda, dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsində "müsbət dinamika" əldə olunub.
Trampın planı və Avropanın şübhələri
"The Guardian" yazır ki, Almaniya kansleri Mers ABŞ-ın "sülh təşəbbüsünün" bəzi bəndlərinə şübhə ilə yanaşır. Fransa prezidenti Makron Avropanın "kozırlarının" olduğunu, əsas problemin isə Avropa ilə Vaşinqton mövqelərinin uzlaşdırılması olduğunu qeyd edib. Britaniya baş naziri Starmer Zelenskiyə təzyiq edilməyəcəyini vurğulayıb.
Jurnalistlərin yazdığına görə, çıxışlardakı ehtiyatlı ton təsadüfi deyil: hamı ABŞ dəstəyindən asılıdır, lakin Tramp administrasiyasının sərt tələbləri narahatlıq yaradır. Uzun illər Vaşinqtonun tərəfdarı olan Mers bu dəfə açıq şübhə bildirən yeganə lider kimi çıxış edir. Zelenski əvvəlki müsahibələrində də deyib ki, ABŞ, Rusiya və Ukraynanın Donbasla bağlı baxışları ciddi şəkildə fərqlənir və Ukrayna təhlükəsizlik zəmanəti olmadan kompromisə getməyəcək.
Tramp amili və Avropanın dilemması
BBC qeyd edir ki, Avropa liderləri Trampı qıcıqlandırmaq istəmir. ABŞ prezidenti hakimiyyətə qayıtdıqdan sonra Ukraynaya münasibətini dəyişib: birbaşa yardım dayandırılıb, lakin kəşfiyyat məlumatları ötürülür və Avropaya ABŞ silahı almağa icazə verilir.
Avropa ölkələri ABŞ-sız nə Ukraynanı dəstəkləyə, nə də öz təhlükəsizliyini təmin edə bilir. Buna görə də Vaşinqtona qarşı açıq etiraz etməmələri "siyasi risklərdən qaçmaq" kimi dəyərləndirilir. Moskva isə mövqeyini yumşaltmır. Putin kompromisi yalnız ərazi güzəştləri ilə bağlayır. "The Washington Post" yazır ki, Zelenskinin "torpaq vermərik" mövqeyi Tramp planını tam dalana sala bilər.
Londonda keçirilən sammit göstərdi ki, Avropa Ukraynanı dəstəkləməkdə qərarlıdır. Amma Tramp administrasiyasının təzyiqləri, Rusiyanın tələbləri və Donbas məsələsi danışıqları çətinləşdirir. Avropa ümumi mövqeyi saxlamağa çalışsa da, Vaşinqtonla fikir ayrılığı prosesin əsas maneəsinə çevrilməkdədir.