Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN-dən Moderator.az-a verilən xəbərə görə, partlayış nəticəsində sahəsi təxminən 12 kv.m olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
11:51
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.
Qurumdan Moderator.az-a daxil olan məlumata görə, bu gün saat 10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
11:33
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.