Qərbi Azərbaycan Xronikası:
91
07:56, Bu gün

Qərbi Azərbaycan Xronikası: "Xalisa faciəsində 11 soydaşımız işgəncələrlə öldürülüb"

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
 
Moderator.az xəbər verir ki, "Ananın qucağında 2 aylıq körpə vəhşicəsinə öldürülüb" adlı veriliş əslən Vedibasar mahalı, Vedi rayonunun, Xalisa kəndindən olan Pərvanə Vəliyevanın həyat hekayəsinə həsr olunub.
 
O, 1990-cı ildə Bakı şəhərində andın olsa da, ata, ana, baba və nənəsinin Qərbi Azərbaycandan olduğunu, 1988-ci il noyabrın 30-da deportasiyaya məruz qaldıqlarını deyib: "1988-ci ildə Xalisa faciəsi baş verib, insanları amansızlıqla, işgəncələr verərək çıxarıblar. Xalisa Vedibasar mahalında olan 145 kənddən biridir. Aran kəndi olduğundan insanlar yayda Əyricə, Kolanlı dağlarına yaylağa gedirdilər. Kəndin əhalisi azərbaycanlılardan ibarət olub. Buraya 12 erməni ailəsi ilk dəfə 1918-1920-ci illərdə köçürülüb".
 
Onun sözlərinə görə, azərbaycanlılar tarixdə 4 dəfə deportasiyaya məruz qalıblar: "Qohumlar 1948-1953-cü illərdə aran zonasına gəliblər. Bir çoxu Türkiyəyə gedib. Babam Xalisa kəndində qalıb. Onlar danışırdılar ki, 1987-ci ildə kəndlərdə əhalini incitdiklərinə görə köç başlamışdı. 1988-ci ilin martında kəndə erməni birləşmələri daxil olub, əhalini çıxmağa məcbur ediblər. Babam ailəsini Naxçıvanın Sədərək rayonuna çıxarıb. Vəziyyət sabitləşəndən sonra yenidən kəndə qayıdıb, bir müddətdən sonra vəziyyət yenidən pisləşib. Rus əsgərləri kəndi qorumağa gəlsə də, ermənilər güllə ata-ata, kəndin müxtəlif giriş-çıxışlarını bağlayıblar. Çox çətinliklə Şidli kəndinə gəliblər. O zaman bir erməni camaatı inandırıb geri qaytarıb. Görüblər ki, azərbaycanlıların evləri xaçla işarələnib. Sonra ermənilər evlərə hücum edib, insanların qızıl əşyalarını, pullarını alıblar. Ermənilər 70 yaşlı nənəmin pulunu alıb, yerə yıxıb təpikləyib, yük maşınına atıblar. Anam noyabrın soyuğunda, 1 yaşlı qardaşım qucağında adi paltarda çıxarıb, yolda uşaq pnevmoniya olmuşdu. Daşnaklar "miatsum" çağırışları edir, camaatı daşlayırdılar. İnsanlar yükün içində gizlənirdilər. Yolda maşını erməni kəndlərində saxlayır, yorğan-döşəkdə olan yükü şişləyirdilər. Döyülənlərin əksəriyyəti köçəndən sonra dünyasını dəyişdi. Xalisa faciəsində 11 nəfər işgəncələrlə, 2 aylıq körpə anasının qucağında işgəncə ilə öldürülmüşdü. Bəziləri isə Bakıya gəldikdən sonra Vətən həsrətinə dözməyərək dünyasını dəyişdilər. Atamgil Sədərəyə, oradan Ağcabədiyə, sonra isə Bakıya köçdülər".
 
P.Vəliyeva baba-nənə, ata-anasının daim torpaq həsrəti ilə yaşadığını söyləyib: "Evimizdə hər zaman İrəvanın, kəndimizin söhbətləri gedirdi, xatirələr danışılırdı. Onlar daim Vətən həsrəti çəkdiklərini dilə gətirirdilər. Gənc yaşında dünyasını dəyişən atamın arzularını gerçəkləşdirmək, o torpaqları görmək, baba-nənələrimizin Xalisadakı qəbirlərini ziyarət etmək istəyirəm. Əminəm ki, atamın, babamın, nənəmin arzularını reallaşdıracağam".
 
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Link kopyalandı!
Son xəbərlər