Qərbi Azərbaycan Xronikası:
182
08:11, Bu gün

Qərbi Azərbaycan Xronikası: "İrəvan Bakının əsas tələbini 2026-cı ildə icra edəcək"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
 
Süjetdə Ermənistanın baş naziri Nikol Paşinyanın bu il noyabrın 22-də dövlət qulluqçularının qarşısında çıxışı zamanı "Ermənistan yekun sülh sazişinin imzalanması üçün konstitusiyanın dəyişdirilməsi ilə bağlı Azərbaycanın əsas tələbini 2026-cı ildə həyata keçirəcək" bəyanatına yer verilir.
 
Bildirilir ki, Paşinyanın sözlərinə görə, Ermənistanın daxili legitimliyini gücləndirmək üçün yeni konstitusiyaya ehtiyac var və bununla bağlı referendum 2026-cı ilin iyununda baş tutacaq parlament seçkisindən sonra keçirilməlidir: "Mövcud konstitusiya Ermənistan vətəndaşlarına yaddır. Bu, Ermənistan üçün yeni siyasi məzmundur, yeni dövlət doktrinasıdır".
 
Qeyd olunur ki, konstitusiyanın dəyişdirilməsi rəsmi Bakı tərəfindən İrəvan qarşısında irəli sürülən əsas tələblərdən biridir: "Çünki Ermənistanın mövcud kKonstitusiyası Azərbaycana qarşı rəsmi şəkildə ərazi iddiası irəli sürür. Əslində Ermənistan hakimiyyətinin hədəfi Azərbaycanın tələbini yerinə yetirməklə yanaşı, ölkə daxilində mövqelərini də gücləndirməkdir. Çünki 1995-ci ildə qəbul edilən konstitusiya Koçaryan-Sarkisyan hakimiyyətinin dayaqlarını gücləndirirdi və Paşinyanın gəlişindən sonra ölkəyə nəzarət məsələsində problemlər bir sıra hallarda əsas qanundan qaynaqlanırdı".
 
"Fakt" nəşri yazır ki, konstitusiyasının dəyişdirilməsi ilə bağlı ABŞ-də imzalanan memorandum Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə eyni paketə daxildir: "Bu paketdə Azərbaycan və Türkiyənin quru əlaqəsi əldə etməsi, kommunikasiyanın açılması və azərbaycanlıların geri qayıdışı, Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsi və Qazaxıstandan İrəvana taxıl daşınması kimi məsələlər də yer alır. Ermənistan bunun qarşılığında Zəngəzurdan (Sünik) dəhlizin verilməsi və 300 min azərbaycanlının geri qayımasına razılaşır".
 
Revanşist "Daşnaktsutyun" hərəkatının üzvü Spartak Seyranyan, politoloq Benyamin Matevosyan rəsmi İrəvanın Azərbaycan qarşısında yeni güzəştlərinin olacağını iddia edirlər: "Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüş keçirə bilər. Paşinyan yeni konstitusiyanı qəbul edəcək, anklavlar məsələsini həll edəcək və dəhliz olan TRİPP layihəsini (Zəngəzur dəhlizi) reallaşdıracaq".
 
Sonda vurğulanır ki, azərbaycanlıların doğma yurdlarına qayıdış hüququnun təmin edilməsi üçün ilk növbədə Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə erməni baş nazir arasında təmaslar qurulmalıdır: "Rəsmi Bakı da İrəvanı dəfələrlə buna çağırıb. Bunun yaxın gələcəkdə reallaşcağı ehtimalı yüksəkdir".
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər