Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə milli komandasının və "Beşiktaş" klubunun sabiq oyunçusu Nihat Kahveci komandadakı daxili çəkişmələr və ədalətsizlik iddiaları ilə bağlı açıqlamalar verib.
Bu barədə "Haber Global" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.
Nihat Kahveci klubda uzun müddətdir davam edən "tərəfkeşlik" mədəniyyətinin uğur əldə edilməsinin qarşısında dayanan ən böyük maneə olduğunu vurğulayıb və bununla bağlı yaşadığı şəxsi təcrübəsini misal gətirərək narazılığını ifadə edib.
"İbrahim Toramanın və Ertoğrul Hocanın ad günləri qeyd olunur, mənimki niyə qeyd olunmur? İncidim. Mən "Beşiktaş"a pul qazandırdım, gənclər akademiyasından gəldim. Məcburi göndərildim, arxaya baxmadım. Amma mənə göstərilən hörmətsizliyi unuda bilmirəm", - deyə Kahveci bildirib.
O, İspaniyadakı keçmiş klubu "Real Sosyedad"ın onu hər il yada saldığını qeyd edərək, "Beşiktaş" rəhbərliyindəki fərdiyyətçilik və tərəfkeşliklə bağlı sərt tənqid səsləndirib.
"24 il əvvəl oynadığım "Real Sosyedad" məni təbrik edir. Bu düşüncə tərzi ilə siz nəyəsə nail ola bilərsinizmi? Tərəfkeşlik baş alıb gedir", - deyə o bildirib.
Nihat Kahveci klubun ən böyük probleminin uzun müddətdir davam edən daxili iğtişaşlar olduğunu deyib.
"Beşiktaş"ın düşməni "Fənərbağça", "Qalatasaray" və ya "Trabzonspor" deyil. Son illərdə "Beşiktaş"ın düşmənləri öz daxilindədir", - deyə futbolçu əlavə edib.
O, klubun keçmiş rəhbərliyini və daxili münaqişələri xatırladaraq, uğursuzluğun əsas səbəbini "birliyin olmaması"nda gördüyünü deyib. /oxu.az/
Daha ətraflı videosüjetdə: