Bizi sosial şəbəkələrdən izləyin:
U-17 liqasında “EFA” – “Sabah” görüşündə baş verən epizod yenidən aşağı yaş qruplarında hakim qərarlarının müzakirəsini gündəmə gətirib.
Moderator.az Tsport.az-a istinadən xəbər verir ki, oyun zamanı insident baş verib. Belə ki, “Sabah”ın futbolçusu rəqibi ilə mübarizədə onu yerə yıxıb, ardınca baş nahiyəsinə zərbə endirib. Bunun fonunda “EFA”nın oyunçusu ayağa qalxdıqdan sonra rəqibini itələyib. Hakimin qərarı isə hər iki futbolçuya birbaşa qırmızı vərəqə təqdim etmək və üç oyunluq cəza tətbiq edilməsi olub.
Hadisə geniş müzakirəyə səbəb olub və növbəti dəfə aşağı yaş liqalarında hakimlik mövzusunu önə çıxarıb. Mütəxəssislərin fikrincə, bu kateqoriyada hakimlər bəzən epizodun başlanğıc nöqtəsini və aqressiyanın ağırlıq dərəcəsini dəqiq ayırd edə bilmədikləri üçün ən təhlükəsiz variant olan “iki tərəfə də qırmızı” qərarına üstünlük verirlər.
Aşağı yaş qruplarında oyun tempi, emosional fon və futbolçuların davranış modeli fərqli olduğundan, hakimlərin bu tip vəziyyətləri idarə etməsi daha çox diqqət tələb edir. Xüsusilə insidentlərin gərginləşməsinin qarşısının vaxtında alınmaması tez-tez bənzər qərarlara səbəb olur.
Bu epizod da göstərdi ki, aşağı yaş liqalarında hakim hazırlığı, epizodların təhlili və qərar standartları üzərində daha sistemli işə ehtiyac var. Liqa üzrə oyunlarda oxşar situasiyalar son illərdə bir neçə dəfə təkrarlanıb və müzakirələrin davam edəcəyi gözlənilir.