Qərbi Azərbaycan Xronikası:
238
08:29, Bu gün

Qərbi Azərbaycan Xronikası: "Anavəngin daşları gerçəyi danışırlar"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti veriliş efirə gedib.
 
Verilişdə İrəvan xanlığının tarixi Kərpibasar mahalında, Əştərək (Aştarak/Araqatsotn) rayonunun Ohanavan kəndində Kasax çayı dərəsinin kənarında yerləşən orta əsrlərə aid Anavəng/Xanavəng (Hovhannavank) monastırından bəhs olunur.
 
Bildirilir ki, Anavəngin daşları gerçəyi danışırlar: "Anavəngin divarlarında yazılan türk adları Ermənistanı narahat edir. Kasax çayı sahilindəki qıpçaq məbədi türklərə aiddir. Anavəng memarlığının dili "erməni" deyil. Ermənistan kimlik böhranını Anavəngin üzərindən həll etmək istəyir. Mamaxatun və Nənəxatun adları bu gün də türkün yaddaş kodudur. Anavəngin cənub divarındakı yazı kimlik mübahisəsini çözür. Anavəngin memarlıq dili türk-alban qatlarını göstərir. Ermənilər Anavəngdə türk adlarını silə bilmirlər. Monastırın yazıları erməni mifini alt-üst, Anavəngdəki 8 guşəli ulduz isə erməni narrativini darmadağın edir. Anavəngin qapıları erməni yalanını açıb göstərir. Kasax dərəsinin daşları saxtakarlığı susduran sübutdur".
 
Qeyd olunur ki, baş nazir Nikol Paşinyanın Üçkilsədə (Eçmiədzin) dua etdiyi kilsədəki adlar - Qurd, Vaçe, Hurişah, Mamaxatun bu gün "liturgiya"ya kölgə salır. "Paşinyanın liturgiyası Anavəngdə gizlədilən tarixdən qaça bilmir. Hazırda liturgiya yox, kimlik savaşı gedir. Mamaxatun fenomeni 13-cü əsr Qafqazında qadın hamiliyinin gücünü göstərir".
 
Sonda vurğulanır ki, Səlcuqlu memarlığının izi Qərbi Azərbaycanda silinir: "Paşinyan liturgiyanı məqsədli şəkildə Anavəngə aparır və vacib mesaj verir. Paşinyan liturgiya oyunu oynayır və Qərbi Azərbaycan yaddaşı hədəf seçilir. Qıpçaq və oğuz izlərinin silinməsi planı qurulub".
 
Verilişdə Kasax (Qazax) dərəsinin sıldırım qayalarının hansı qədim həqiqəti qorumasına, 1828-ci il köçü və Ohanavan kəndinin "yeni tarix" layihəsinə və digər məsələlərə aydınlıq gətirilir.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Link kopyalandı!
Son xəbərlər