"Moskvanın məqsədi qışdan əvvəl enerjini çökdürmək və ölkənin logistikasını iflic etməkdir..."
Xarkov: uşaqların da olduğu onlarla yaralı və böyük dağıntılar
Ukrayna mediasının yazdığına görə, 19 noyabr gecəsi Rusiya ordusu Xarkovu "Shahed-2/Geranium-2" tipli dronlarla və raketlərlə kütləvi şəkildə hədəfə aldı. Slobodskoe və Osnovyanskiy rayonlarına ardıcıl zərbələr endirilib.
Moderator.az xəbər verir ki, ilkin məlumatlara görə, hücum nəticəsində yaralananların sayı əvvəlcə 36 göstərilsə də, sonradan rəqəm 46-ya qədər artıb. Yaralılar arasında 9 və 13 yaşlı iki uşaq da var, hər ikisinə kəskin stres reaksiyası diaqnozu qoyulub.
Zərbələr zamanı 16 çoxmərtəbəli yaşayış binası, 31 avtomobil, qaraj kompleksi, enerji təcili yardım yarımstansiyası, 2 trolleybus, supermarket, məktəb və ofis binaları tamamilə və ya qismən dağılıb.
Fövqəladə halların idarəetməsi məlumat verib ki, bir yaşayış binasının tüstü ilə dolmuş blokundan 48 nəfər, o cümlədən 3 uşaq təxliyə olunub. Həmçinin bir neçə binada yanğınlar baş verib.
Bu hücumdan bir gün əvvəl Xarkov vilayətində 17 yaşlı Ukraynanın kikboksinq çempionu raket zərbəsi nəticəsində həyatını itirib. O, sığınacağa qaçdığı anda raket partlayıb.
Bəzi bölgələrdə fövqəladə elektrik kəsintisi tətbiq olunub
Eyni gecə Rusiya Ukraynanın enerji sistemini də hədəfə alıb. Ukraynanın Energetika Nazirliyi təsdiqləyib ki, bir neçə regionda qəza kəsintisi rejimi tətbiq olunub. Nazirliyin açıqlamasında deyilir: "Təhlükəsizlik şəraiti imkan verən kimi xilasedicilər və energetiklər bərpa işlərinə başlayacaq". Enerji sisteminin sabitləşməsindən sonra elektrik verilişi mərhələli şəkildə bərpa olunacaq.
Ternopola raket və dronlarla kombinə edilmiş hücum edilib
Eyni gecə Rusiya ordusu Ternopol şəhərinə də kombinə edilmiş hücum həyata keçirib - dronlar və raketlər eyni anda işə salınıb. Partlayışlardan sonra çoxmərtəbəli bina çöküb, bir neçə yaşayış evi zərər görüb, yaralılar var, şəhərdə ictimai nəqliyyatın hərəkəti dayanıb. Şəhər rəhbərliyi sakinlərə müraciət edərək sığınacaqlardan çıxmamağı və zərbə yerlərindən foto/video paylaşmamağı xahiş edib. Polşa hərbi komandanlığı da bu hücum fonunda hava patrulunu artırıb, NATO qırıcıları havaya qaldırılıb.
Çerkassı vilayəti: HHM 27 hədəfi vurub, lakin dağıntılar var
Çerkassı vilayətinə də dron və raketlərdən ibarət kombinə edilmiş hücum edilib. Yerli hakimiyyət bildirir ki, elektrik xətləri, bir neçə yaşayış binası, mülki obyektlər zərər görüb. Bununla belə, Ukrayna HHM qüvvələri 10 raket və 17 dronu məhv edib.
19 noyabr gecəsi Rusiya Ukraynaya qarşı son aylardakı ən genişmiqyaslı hücumlardan birini həyata keçirib. Hədəflər əsasən enerji infrastrukturu, yaşayış məhəllələri və qərb vilayətləri olub. Ukrayna rəsmiləri bildirir ki, hücumların məqsədi qış mövsümü başlamadan əhalini enerjisiz qoymaq və logistikanı iflic etməkdir.