Yeni avtobuslar da Bakı-Sumqayıt yolunda
322
16:02, Bu gün

Yeni avtobuslar da Bakı-Sumqayıt yolunda "manatlıq taksi" dərdini çözmədi - VİDEO

Noyabrın 12-də böyük ümidlərlə istifadəyə verilən Sumqayıt-Bakı istiqamətindəki yeni 500 nömrəli avtobus marşrutu da mövcud nəqliyyat problemini həll edə bilmir. Yenə də səhərlər paytaxta işə, axşam evə tələsən 10 minlərlə sakin məşəqqətlər yaşayır.
 
Bu marşrutun şəhərlərarası "manatlıq taksi"lərin müştərilərini azaldacağı proqnozlaşdırılsa da, Oxu.az əməkdaşlarının hadisə yerindən hazırladığı videoreportaj bunun əksini göstərdi.
Gözləntilər yeni marşrutun gəlişi ilə əvvəlki dövrlərin "ayaq üstə sərnişindaşıma" problemini həll edəcəyi idi. Lakin əksər sərnişinlərin sözlərinə görə, marşruta buraxılan avtobusların sayının azlığı, reyslərarası müddətin çoxluğu əvvəlki vəziyyəti təkrarlayır.
 
Metronun "20 Yanvar" stansiyası ətrafından Sumqayıt istiqamətinə gedən bir neçə avtobus marşrutu istifadəyə verilsə də, "manatlıq taksi"lər və qeyri-rəsmi sərnişindaşıma xidmətləri əvvəlki kimi işləyir. Yəni yeni avtobus marşrutunun "rəqib"lərin işinə nəzərəçarpacaq təsir etmədiyi müşahidə olunur. Halbuki 80 qəpiklik gediş qiyməti və yollara yeni çəkilən avtobus zolaqları manatlıq taksilərin müştərilərinin sayına ciddi təsir etməli idi. Amma avtobusların azlığı fonunda sərnişinlərin uzun müddət növbə gözləməsi onları "manatlıq taksi"lərə, mikroavtobuslara yönəldir.
 
Son vaxtlar eyni marşruta bir neçə yeni avtobus xəttinin əlavə edilməsinə baxmayaraq, vəziyyət köklü şəkildə dəyişməyib. Sumqayıt, Ceyranbatan, Saray sakinləri hələ də münasib qiymətə rahat nəqliyyat imkanından məhrumdurlar.
 
Problem təkcə Sumqayıt və ona yaxın Ceyranbatan, Saray qəsəbələri ilə məhdudlaşmır. Eyni problem paytaxta yaxın digər sıx məskunlaşmış qəsəbələrdə də özünü göstərir. Xırdalan, Masazır, Binəqədi, Biləcəri, Sulutəpə, Müşfiqabad, Qobu və s. yaşayış məntəqələrində yaşayanlar da pik saatlarda avtobus çatışmazlığından əziyyət çəkirlər. Bu istiqamətlərdən Bakıya gəlib-gedənlər səhər və axşam saatlarında avtobusa minmək uğrunda mübarizə aparırlar. Mübarizədə uduzmuş və mənzil başına daha rahat getmək istəyənlərin köməyinə "manatlıq" nəqliyyat vasitələri gəlir.
 
Üstəlik, Biləcəri enişində bir neçə gün öncə avtobus zolağı çəkilməsi səbəbindən tıxac daha da ağırlaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu hissədə avtobus zolağı kənar yolda var, avtobuslar "20 Yanvar"dan həmin zolaqla rahat şəkildə Sumqayıt istiqamətinə hərəkət edə bilərdilər.
 
Qeyd edək ki, taksilər pik saatlarda adambaşına 2-3 manat tələb edirlər.
Link kopyalandı!
Son xəbərlər