Bizi sosial şəbəkələrdən izləyin:
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri də məktəb sinif otaqlarının repetitorlara icarəyə verilməsi ilə bağlı yayılan iddialardır. Sosial platformalarda. demək olar ki, hər gün bu məsələni əks etdirən müxtəlif paylaşımlara rast gəlinir. Paylaşımlarda belə halların qanunsuz olduğu bildirilir.
Mütəxəssislərin isə mövzu ilə bağlı fikirləri birmənalı deyil. Təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, bəzi məktəb rəhbərləri sinif otaqlarını müəllimlərə icarəyə verərək şagirdlərin əlavə ödəniş qarşılığında repetitor yanına gəlməsinə şərait yaradırlar:
"Məktəb rəhbərliyi anlamalıdır ki, orta ümumtəhsil müəssisələri onların şəxsi mülkü deyil. Bu hallar həm ictimaiyyət, həm də valideynlər tərəfindən ciddi narahatlıqla qarşılanır".
Təhsil eksperti Elnur Hacıyev isə bildirir ki, bu məsələ müəyyən qaydalar çərçivəsində tənzimlənə bilər. Qanunveriliciyə əsasən, dövlət təhsil müəssisəsi hüquqi bir şəxsdir və hüquqi şəxs kimi fəaliyyət göstərdiyi üçün onun müstəqil balans hesabı ola bilər:
"Əgər göstərilən xidmət və ya fəaliyyət təhsil müəssisəsinin nizamnaməsinə uyğun olarsa və qanuna zidd deyilsə, həyata keçirilə bilər".
Hüquqşünas Hikmət Əliyevin isə sözlərinə görə, sinif otaqlarından kommersiya məqsədilə istifadə edilməsi qanunla qadağandır:
"İnzibati Xətalar Məcəlləsinin 560-cı maddəsinə əsasən, dövlət əmlakının müəyyən edilmiş qaydaların pozulması ilə icarəyə verilməsinə görə vəzifəli şəxslər 3 500-5 000 manat məbləğində cərimə oluna bilərlər. Bu, məktəb direktorunun birbaşa inzibati məsuliyyətə cəlb edilməsidir. Repetitorluq nəticəsində gəlir əldə olunubsa, bu zaman qanunsuz sahibkarlıq və vergidən yayınma ilə bağlı inzibati və ya cinayət məsuliyyəti də yarana bilər".
Daha ətraflı Baku TV-nin süjetində: