"Enerji infrastrukturu, neft terminalları və böyük şəhərlə əsas hədəfə çevrilib..."
Kiyev əsas hədəf olub
Ukrayna KİV-lərinin yazdığına görə, 14 noyabr gecəsi Rusiya Ukraynaya qarşı ən böyük kombinə edilmiş hücumlardan birini həyata keçirib. Hücum zamanı təxminən 430 kamikadze dronu və 18 raket buraxılıb. Əsas istiqamət paytaxt Kiyev olub. Həmçinin Xarkov, Odessa, Poltava və Sumı vilayətlərində də dağıntılar qeydə alınıb.
Moderator.az xəbər verir ki, Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına görə, 419 hava hədəfi məhv edilib, lakin buna baxmayaraq, raketlərdən və 23 pilotsuz uçuş aparatından bəziləri kritik infrastruktura düşüb. Kiyevdə çoxmərtəbəli yaşayış binaları, bir sıra obyektlər və Azərbaycanın səfirliyi zərər görüb. Zelenskinin sözlərinə görə, hücum əvvəlcədən hesablanmış və məqsədi "maksimum mülki dağıntı" olub.
Məlumata görə, ölənlər var, yaralıların arasında uşaqlar və hamilə qadın da var. Enerji sisteminə ziyan səbəbindən bir sıra vilayətlərdə elektrik verilişində növbəli məhdudiyyətlər tətbiq olunub. "Ukrenerqo" xəbərdarlıq edib ki, günün pik saatlarında işıq kəsintiləri artırılacaq.
Rusiya ərazisinə zərbələr endirilib
Eyni gecə Ukrayna genişmiqyaslı cavab zərbələri endirib. Ukrayna Baş Qərargahı bildirib ki, hücumlar həm Rusiya ərazisindəki, həm də müvəqqəti işğal olunmuş regionlardakı hərbi və enerji obyektlərinə yönəlib. Zərbələr zamanı "Flamingo" tipli yeni raketlər, həmçinin hücum PUA-ları tətbiq olunub.
Ən böyük zərbələrdən biri Rusiyanın Novorossiysk limanına olub. Burada yerləşən və Rusiyanın dəniz neft ixracının ən böyük qovşağı sayılan "Şexaris" neft terminalı ciddi zədələnib, yanğın baş verib, bir neçə gəmi və yaşayış binaları zərər görüb. Rusiya tərəfi yaralıların olduğunu təsdiqləyib. Ukrayna həmçinin Krımda "Kirovskoe" hava limanına, raket anbarlarına, PUA bazalarına və radar stansiyalarına zərbələr endirib.
"Rusiyanı yalnız güc və sanksiyalar dayandıra bilər"
Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna uzaqmənzilli imkanlarını artırır və tərəfdaşlardan əlavə hava hücumundan müdafiə sistemləri gözləyir. Onun sözlərinə görə, əgər Qərb sanksiyaları tam tətbiq etsə və hərbi dəstəyi artırsa, Rusiya bu hücumları davam etdirə bilməyəcək. O, gələcək addımları Finlandiya prezidenti Aleksandr Stubb ilə də müzakirə edib.
Bu hücum və cavab hücumu göstərir ki, müharibə həm cəbhədə, həm də infrastruktur səviyyəsində yeni mərhələyə daxil olur. Rusiya Ukraynanın enerji sistemini hədəf alır, Ukrayna isə Moskvanın neft-logistika şəbəkəsini sıradan çıxarmağa çalışır. Münaqişənin intensivliyi azalmır, əksinə, qarşılıqlı zərbələr müharibənin daha dağıdıcı mərhələyə keçdiyini göstərir.
Moderator.az