Qərbi Azərbaycan Xronikası:
266
08:12, Bu gün

Qərbi Azərbaycan Xronikası: "Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb"

"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yeni veriliş hazırlanıb.
 
Moderator.az xəbər verir ki, verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy Urartu dili haqqında danışıb.
 
Professor bildirib ki, Urartu dili qədim türklərin izlərini daşıyır:
 
"Urartu erməni deyil, türk dövlətidir. Urartu yazılarında gizlənmiş türk sözləri mövcuddur. Tarixdən bir çox həqiqətlər silinib. Urartu mənbələrində Kür və Araz çay adlarının əsl mənşəyi göstərilir. Urartu mixi yazılarında "Ulduz", "Ay", "Günəş" kimi anlayışlar türk semantikasının sübutudur".
 
Onun sözlərinə görə, "Zəngəzur" adı sonradan uydurulmuşdur:
 
"Qədim xəritələr bu sirri açır. Əslində "Zəngi mahalı" adlandırılan bölgənin adı saxtalaşdırılaraq "Zəngəzur" şəklinə salınıb. Van, Araz, Kür qədim türk nəsillərinin coğrafiyasıdır. Qafqaz isə yalnız dağ deyil, qədim türk xalqının adını da daşıyır".
 
Professor həmçinin İtaliyanın "Qafqaz" adlı şəhərində kimlərin yaşadığından, azərbaycanlıların Troyadan İtaliyaya qədər uzanan qədim köç marşrutundan, Siciliyada yerləşən Karaman şəhəri və türklərin unudulmuş izlərindən, Durna şəhəri və Alban irsindən, İtaliyanın türk qatlarından, eləcə də İspaniyada Kür nəsli və Azərbaycanla bağlı elmi möcüzədən danışıb.
 
İlhami Cəfərsoy Van gölü ətrafındakı sirr, Urartunun əsl sahibləri, "qədim erməni mənbələrində niyə ermənicə söz yoxdur?" və "ermənilər niyə akademik Marın adını lənətləyirdilər?" kimi suallara da aydınlıq gətirib.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Link kopyalandı!
Son xəbərlər