Qərbi Azərbaycan Xronikası: Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır?
290
08:26, Bu gün

Qərbi Azərbaycan Xronikası: Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
 
Moderator.az xəbər verir ki, "Ermənilər niyə sərhəd kəndlərini tərk edirlər?" adlı süjetdə Qərbi Azərbaycanın Dərələyəz bölgəsində azərbaycanlıların məskunlaşmasına hazırlıq iddiasından bəhs olunur.
 
Bildirilir ki, bu iddia erməni jurnalist Sevak Akopyan tərəfindən "Yerevan Today" saytında irəli sürülüb.
 
"Erməni jurnalist yazır ki, hakimiyyət Dərələyəz (Vayots Dzor) bölgəsinin Kotanlı (Karmraşen) kəndində məktəbi bağlamaq qərarına gəlib. Bu, sərhəd bölgələrinin sürətlə boşaldığının mənzərəsidir. Baş verənlər həm də azərbaycanlıların qayıdışına hazırlıq kimi görünür. Kəndlərdə azərbaycanlıların qayıdışı haqqında mütəmadi olaraq söhbət gedir. Sakinlər deyirlər ki, məqsəd ermənilərin bu ərazilərdən çıxması, azərbaycanlıların bu bölgələrdə yaşamasıdır. Sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlılar boş qalan kəndlərə qayıdacaq".
 
Qeyd olunur ki, Ermənistan sülh danışıqlarından əldə olunan nəticələrə əsasən Qərbi Azərbaycana qayıdışı məsələsini arxa planda saxlamağa çalışsa da, rəsmi Bakının gündəliyi dəyişməz olaraq qalır:
 
"Əsas gözlənti odur ki, yekun sülh sazişinin imzalanmasından sonra azərbaycanlıların doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışı təmin olunsun. İlk qayıdış mərhələsi istisna deyil ki, sərhədyanı ərazilər - Qərbi Zəngəzur, Dərələyəz və Göyçə istiqamətində baş tutsun. Bu baxımdan, adıçəkilən bölgələrdən ermənilərin kütləvi şəkildə köçməsi diqqət çəkir. Görünür, ermənilər də azərbaycanlıların qayıdışına hazırlığın getdiyini anlayaraq bölgədən gedirlər".
 
Erməni ekspert Raffi-Flip Kalfayan iddia edir ki, rəsmi İrəvanın yerinə yetirməli olduğu şərtlər mövcuddur və bunlar icra edildikdən sonra Azərbaycan yekun sülhə razı olacaq. Bunun nəticəsində Ermənistan ölkənin cənubuna - Qərbi Zəngəzura nəzarəti itirəcək.
 
Sonda vurğulanır ki, bu iddialar həm daxili siyasətdə Paşinyana qarşı istifadə olunur, həm də Azərbaycan-Ermənistan sülh prosesini pozmaq məqsədilə gündəmə gətirilir:
 
"Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni dividentlər vəd edir. Ermənistanla davamlı sülhün əldə edilməsi Zəngəzur dəhlizinin açılmasından, eyni zamanda, Konstitusiyanın dəyişdirilməsindən və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışından asılıdır".
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər