Bizi sosial şəbəkələrdən izləyin:
Son zamanlar mobil operatorlarla bağlı şikayətlərin sayı artıb. Belə şikayətlərdən biri də 6 ay istifadə olunmadığı üçün nömrələrin xəbərdarlıq edilmədən bağlanması və abonentin adından çıxarılmasıdır.
Bu isə istifadəçinin şəxsi həyatına birbaşa müdaxilə kimi qiymətləndirilir. Çünki vətəndaş həmin nömrə ilə sosial şəbəkələrə, bank tətbiqlərinə, müxtəlif onlayn xidmətlərə və "Face ID" tipli proqramlara qeydiyyatdan keçir. Nömrə sahibinin adından çıxarılsa belə, həmin xidmətlərdə aktiv qalır və bu vəziyyət ciddi təhlükə yaradır.
Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında sorğu keçirib. Vətəndaşlar sözügedən problemlə bağlı narazılıqlarını bildiriblər.
"Mənim şəxsi məlumatımı başqası niyə görməlidir?! Əvvəlcədən SMS vasitəsilə xəbər verilməlidir ki, tədbir görmək mümkün olsun", - deyə sakin söyləyib.
Məsələyə bir neçə mobil operator tərəfindən münasibət bildirilib.
Qeyd edilib ki, cihazın özündə yerləşən istifadəçi hesablarının idarə olunması, təhlükəsizlik parametrləri və saxlanılması operatorun məsuliyyətinə daxil deyil. Tətbiqlərdən istifadə zamanı yaranan risklər və hesab təhlükəsizliyi ilə bağlı məsələlərə görə istifadəçilər müvafiq platformaların proqram təminatçılarına müraciət etməlidirlər.
Digər bir mobil operatordan isə deyilib ki, mobil rabitə xidmətlərinin göstərilməsi ilə bağlı şirkət və abunəçi ilə bağlanan müqavilə şərtlərinə fakturasız xətt sistemində olan nömrələrdə abunəçi 180 gün ərzində ödəniş etmədiyi və ya müvafiq tarif üçün xidmət haqqı ödənilmədiyi təqdirdə, nömrə müddəti bitmiş nömrə statusuna keçir və ikitərəfli bağlanır. Bu tarixdən etibarən, növbəti 90 gün ərzində sözügedən nömrə son rəsmi sahibi adına bərpa edilməzsə, yenidən satışa çıxarıla bilər. Ödəniş edilmədiyi təqdirdə nömrənin xəttinin bağlanacağı haqqında abunəçilər tərəfimizdən bir neçə dəfə məlumatlandırılır.
Daha ətraflı videomaterialda: