Yolumuz Ağdərənin Həsənriz kəndinədir.
Moderator.az xəbər verir ki, "Report" kənddə Cəfərovlar ailəsinin qonağı olub, reportaj hazırlayıb.
Ağdərə sakini Nərmin Abdullayeva deyir ki, buraya azan sədaları altında köç ediblər:
"Bu günlər tarixdir, bizim ordumuz və müzəffər Ali Baş Komandanımız tarix yazdı. Buraya köçən sakinlər isə yazılan tarixin davamçılarıdır. Bir zamanlar qarlı-şaxtalı havada burdan çıxmaq məcburiyyətində olan əhali öz torpağına martda Ramazan ayında buraya köç etdi və biz buraya azan sədaları altında gəlmişik. Gəldiyimiz gün isə Ağdərədə iftar etmişik. Bu təsadüf yox, ancaq İlahinin bir qisməti ola bilərdi. Çünki bura bizim halal haqqımız idi".
Müsahibim, Ağdərə sakini Elnur Cəfərov burdan 6 yaşında çıxmaq məcburiyyətində qalıb:
"Mən burdan çıxanda 6 yaşım vardı. İndi qayıtmışıq. Həyat davam edir, yaşamalı, yaşatmalıyıq, yenidən qurub bərpa etməliyik ki, gələcək nəsillər rahat yaşasın. Atam hazırda Bərdədə yaşayır, amma gəlib köhnə evimizi ziyarət edib. Evdən sadəcə bünövrə qalıb və evimizi meşəlik basıb. Zülmlə gedib tapdıq, o hissləri isə sözlə ifadə etmək mümkün deyil".
Ailənin böyük oğlu Ayxan polis olmaq istəyir:
"Vətənin qayğısına qalmaq, Həsənrizi qorumaq üçün polis olmaq istəyirəm. Burada çoxlu dostlarım və sinif yoldaşlarım var. Eyvanımızdan baxanda dağlar görünür, buranın havası, suyu çox qəşəngdir".
Ayxanın qardaşı Əfraim Cəfərov Ağdərəni çox sevdiyini vurğulayır:
"Buranın ən çox havası və suyu xoşuma gəlir. Biz Bərdədə yaşamışıq, ora isti idi, amma bura sərindir. Səhər duranda burda elə mənzərə, elə duman olur ki, elə bil cənnətdəsən. Gələcəkdə futbolçu olmaq istəyirəm, "Qarabağ" futbol klubunu dəstəkləyirəm və bütün oyunlarını izləyirəm. Onların oyunları çox xoşuma gəlir və ən böyük arzum böyüyəndə "Qarabağ" FK-nın oyunçusu olmaqdır. İnşallah arzuma çataram".