367
14:46, Bu gün

"Rusiya ordusu yenidən Ukraynanın enerji sistemi və şəhərlərini hədəfə alıb" -  Ukrayna KİV-ləri

 
"Bu hücumlar beynəlxalq səviyyədə "mülki əhaliyə qarşı sistematik hərbi cinayətlər" hesab edilir..."
 
Oktyabrın 29-na keçən gecə Rusiya ordusu Ukraynanın cənub və mərkəz vilayətlərinə növbəti hava hücumları həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.
 
Enerji və infrastruktur yenidən atəş altında
 
Nəşrin məlumatına görə, xüsusilə Odessa vilayətinin şimal hissəsi ağır zərbələrə məruz qalıb - enerji və nəqliyyat infrastrukturu dağıdılıb, yanğınlar baş verib, bir energetik xəsarət alıb.
 
Odessa hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hücum nəticəsində minlərlə ailə işıqsız qalıb: "Zərbələrdən sonra yanğın baş verib, lakin xilasedicilər onu tez bir zamanda söndürüb. Təəssüf ki, bir mülki şəxs yaralanıb".
 
"DTEK Odessa Elektrik Şəbəkələri" şirkəti isə açıqlayıb ki, 27 minə yaxın ailə hələ də işıqsızdır, bəzi obyektlər generatorlarla işləyir. Eyni zamanda, "Ukrenerqo" şirkəti Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərində də enerji infrastrukturlarının zədələndiyini bildirib.
 
Ukrayna Energetika Nazirliyi xəbərdarlıq edib ki, 29 oktyabrda bir sıra regionlarda 08:00-dan 22:00-a qədər növbəli elektrik kəsintiləri tətbiq olunacaq. Sənaye müəssisələrinə də enerji istehlakına məhdudiyyət qoyulub.
 
Xersonda uşaq xəstəxanası vurulub, yaralılar arasında uşaqlar da var
 
Eyni gün səhər saatlarında Rusiya ordusu Xerson şəhərindəki uşaq xəstəxanasına artilleriya zərbəsi endirib. Xerson vilayət prokurorluğunun məlumatına görə, hücum nəticəsində azı doqquz nəfər xəsarət alıb, onların dördü uşaq, üçü isə tibb işçisidir.
 
Partlayış xəstəxananın binasına və ətraf tikililərə ciddi ziyan vurub. Vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, 9 yaşlı bir qızın ayağına qəlpə dəyib, tibbi personalın bir neçəsi partlayış travması alıb.
 
Prokurorluq hadisəni "mülki obyektlərə qarşı hərbi cinayət" kimi araşdırır və vurğulayır ki, səhiyyə müəssisələrinin atəşə tutulması beynəlxalq humanitar hüququn kobud pozuntusudur.
 
Krımda iki neft bazası və "Pantsir-S2" kompleksi UTX tərəfindən məhv edib
Eyni gecə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) xüsusi əməliyyatı çərçivəsində Krımda Rusiyanın bir neçə strateji obyekti vurulub. Məlumata görə, pilotsuz uçuş aparatları iki neft bazasını, iki radiolokasiya stansiyasını və "Pantsir-S2" zenit-raket kompleksini sıradan çıxarıb.
Zərbələrdən sonra Qvardeysk və Simferopol rayonlarında iri yanğınlar baş verib. Bu, Krım üzərindəki Rusiya hava müdafiə sistemini və yanacaq ehtiyatlarını əhəmiyyətli dərəcədə zəiflədib. Mənbələr bildirir ki, UTX-nın bu tip əməliyyatları ardıcıl şəkildə davam etdiriləcək: "Hər belə zərbə Rusiyanın hərbi və logistik potensialını azaldır. Bu zərbələr hələ çox olacaq".

 

Ukraynada zərbələr və itkilər artmaqdadır
 
Son günlər Rusiya ordusu Ukraynanın enerji sisteminə, mülki infrastruktura və səhiyyə müəssisələrinə hücumlarını intensivləşdirib. Xmelnitskidə çoxmərtəbəli binada partlayış nəticəsində iki nəfər həlak olub, beş nəfər yaralanıb.
 
Ukrayna prokurorluqları və təhlükəsizlik orqanları bu hücumları beynəlxalq səviyyədə "mülki əhaliyə qarşı sistematik hərbi cinayətlər" kimi sənədləşdirir. Eyni zamanda, UTX-nın Krımdakı uğurlu cavab əməliyyatları göstərir ki, Ukrayna ordusu artıq Rusiya arxa cəbhəsinə də təsirli zərbələr endirmək iqtidarındadır.
Link kopyalandı!
Son xəbərlər