Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Qədim türk mirası - Bayandur toponiminin faciəsi" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayandur toponimləri, urbanonimi və Bayandur bulağı hidronimi haqqında söz açılıb.
Bildirilib ki, Qərbi Azərbaycan torpaqlarında minillər boyu yaşayan azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, tamamilə yaddan çıxarılması daşnak siyasətinin hədəfi və əsas istiqamətlərindən biri olub.
Bayandur - Şörəyel mahalının Düzkənd (Axuryan) rayonunda kənd adıdır. Adı "İrəvan əyalətinin icmal dəfətəri"ndə Bayandırlı formasında qeyd edilib. Ermənilər buraya 1828-1830-cu illərdə Türkiyədən köçürülüblər.
Bayandur - Zəngəzur mahalının Gorus rayonunda kənd adıdır. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Erməni mənbələrində kəndin adı həm də I Bayandur, II Bayandur formalarında qeyd edilib. 1916-cı ildə kənd erməni təcavüzünə məruz qalıb və azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulublar. 1918-ci ildə kəndə xaricdən köçürülən ermənilər yerləşdiriliblər. 1969-cu ildə adı dəyişdirilib Vağatur qoyulub.
Bayandur - Zəngəzur mahalının Gorus rayonunda çay, Şörəyel mahalının Düzkənd (Axuryan) rayonunda vağzal adlarıdır.
Bayandur bulağı - Zəngəzur mahalının Meğri rayonunda bulaq adıdır. Rayondakı Nüvədi kəndinin Ternovit yaylağında yerləşir.
Sonda vurğulanır ki, Qərbi Azərbaycanda qədim türk tayfalarının qurub-yaratdığı yaşayış məskənlərinin süni şəkildə bu ərazilərə yerləşdirilən ermənilər tərəfindən izinin itirilərək unutdurulması hamımızın bildiyi və yaşadığı tarixi gerçəklikdir: "Təbii ki, bu gerçəklik Vətən həsrəti ilə yaşayan insanların doğma el-obaya qayıdış ümidini qıra bilməz. Əksinə, yurd niskili ilə yaşayan soydaşlarımızın tarixi toponimlərimizə sahib çıxmaq inamını daha da artırır".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.