Taksi sürücülərindən AYNA-ya sərt ittihamlar: Rüşvət iddiası - RƏSMİ REAKSİYA
263
17:46, Bu gün

Taksi sürücülərindən AYNA-ya sərt ittihamlar: Rüşvət iddiası - RƏSMİ REAKSİYA

Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində 25 000-lik kvota tətbiq edilib.
 
Bunun ardınca qeydiyyat üçün yaranan uzun növbələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) ağır ittihamların hədəfinə çevirib.
 
Oxu.az Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında gecə saatlarında yaranan taksi sürücülərinin uzun növbələrindən reportaj hazırlayıb. Reportaj zamanı növbə gözləyən sürücülər AYNA rəhbərliyini ayrı-ayrı iri sahibkarlara və taksi şirkətlərinə qeyri-rəsmi imtiyazlar verməkdə günahlandırıblar.
 
Sürücülər kvotaya daxil olmaq üçün saatlarla sürən fiziki növbələrin və elektron sistemdəki ləngimələrin kiçik fərdi sahibkarları bazardan sıxışdırıb çıxarmaq məqsədi daşıdığını düşünürlər. Onların fikrincə, bu prosesin süni şəkildə çətinləşdirilməsi sahibkarlara (yüzlərlə avtomobilə sahib olan şirkətlərə) kvota limitini asanlıqla doldurmaq üçün şərait yaradır.
 
"Biz axşam 11-dən səhərə qədər buraya gəlib növbə gözləyirik, amma bəzi iri şirkətlər sənədlərini birbaşa, problemsiz keçirir. Qaydalar sadəcə sözdə növbəlilik əsasındadır. Amma həqiqətdə proses elə qurulub ki, fərdi taksi sürücüsü yorulub geri çəkilsin, bazar sahibkarların inhisarına keçsin", - deyə sürücülərdən biri Oxu.az-a bildirib.
 
Başqa bir sürücü ona rüşvət müqabilində buraxılış vərəqəsi təklif olunduğunu dedi.
 
Yüzlərlə sürücünün avtovağzal ətrafına toplaşıb, növbə gözləməsi artıq rəsmi qurumları da hərəkətə keçirib. Reportaj zamanı AYNA-nın əməkdaşları sürücüləri ərazidən uzaqlaşdırmaq üçün cəhdlər göstərirdilər.
 
Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Əliyev Oxu.Az-a açıqlamasında növbələrin yaranması səbəbinə belə aydınlıq gətirib:
 
"Son həftə ərazində taksi minik avtomobilləri ilə sərnişin daşımalarına müvafiq icazələrinin alınması üçün müraciətlərin sayında kəskin artım müşahidə olunur. Şəffaflıq və növbəlilik təmin edilməklə, müəyyən prosedur qaydalarına riayət olunmaqla bütün müraciətlərə baxılır. Gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasında əsas səbəblərdən biri - narkoloji test müayinəsidir. Qeyd edək ki, tək avtovağzal kompleksinin ərazisində yerləşən tibb müəssisələrində deyil, Bakı şəhərinin müvafiq tibb müəssisələrinin istənilən bölməsində narkoloji testlərdən keçmək və bu haqda arayışı əldə etmək mümkündür. Əlavə olaraq bildiririk ki, icazələrin verilməsi elektron qaydada həyata keçirilir, bunun üçün hər hansısa yerə fiziki gəlməyə ehtiyac yoxdur".
 
Amma sürücülər elektron qaydada icazələrin almaq imkanın məhdudlaşdırıldığını, hazırda ancaq avtovağzalda fəaliyyət göstərən kiçik bir yerdə icazələrin verildiyini bildirirdilər:
 
"Əvvəllər gündə 110 icazə verilirdisə, indi 2 nəfəri gətirib otuzdurublar burada, gündə maksimum 25 icazə verirlər".
 
Sürücülərlə söhbətləşən AYNA əməkdaşları isə Oxu.Az-a danışmaq istəməyərək, sürətlə ərazini tərk etdilər.
 
Geniş reportajı videosüjetdən izləyə bilərsiniz:
Link kopyalandı!
Son xəbərlər