Bizi sosial şəbəkələrdən izləyin:
İki gün əvvəl İranın keçmiş prezidenti, islahatçı siyasi cərəyanın lideri Məhəmməd Xatəmi Yəzd əyalətinə səfəri çərçivəsində yerli ictimai fəallarla görüşündə ölkə həyatının müxtəlif sahələrinə dair fikirlərini bölüşməklə yanaşı, iqtisadi inkişaf baxımından İranı Türkiyə ilə müqayisə edib.
Bu barədə "Azad İran" "YouTube" kanalının növbəti buraxılışında bildirilir.
"Demək istəmirəm ki, Türkiyə bizim üçün nümunədir. Amma Türkiyənin bir qətrə də nefti yoxdur, lakin bu gün turizm və sənaye sayəsində bizdən çox irəliyə gedib. Bizim neftimiz var, onun yoxdur, amma Türkiyənin turizmdən götürdüyü gəlir bizim bütün neft gəlirimizdən çoxdur. Halbuki bizim qədim tariximiz və turizmi inkişaf etdirmək üçün daha üstün potensialımız var", - keçmiş prezident vurğulayıb.
Xatəmi, görünür, siyasi rəqiblərinin hücumlarından sığortalanmaq üçün Türkiyənin İran üçün nümunə olduğunu söyləmək istəmədiyini bildirib, amma faktiki olaraq bunu dilə gətirib və inkişafın Türkiyə modelini İrana nümunə göstərib.
Daha əvvəl eyni müqayisəni İranın hazırkı prezidenti Məsud Pezeşkian da aparıb. O, ötən həftə Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində keçirdiyi görüşlərin birində bildirib: "Türkiyənin nefti və qazı yoxdur, Yaponiya və Koreyanın da yoxdur, onlar nefti alırlar, amma vəziyyətləri bizimkindən yaxşıdır, yaşayışları da çox yaxşıdır. Bizim neftimiz və qazımız var, amma acıq, çətinlik çəkirik. Necə ola bilər ki, həm neft və qaz sataq, həm də xalqımız çətinliklə yaşasın? Bunun günahı bizdədir".