Qərbi Azərbaycan Xronikası: Hansı ərazilər Azərbaycana təhvil veriləcək?
359
08:00, Bu gün

Qərbi Azərbaycan Xronikası: Hansı ərazilər Azərbaycana təhvil veriləcək?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti analitik süjet hazırlanıb.
 
"Türkiyə mediası: Qafandan Naxçıvana qədər xətt Azərbaycana qaytarılır!" adlı süjetdə Ermənistanın Zəngəzur (Sünik) bölgəsində, təxminən, 1200 kvadratkilometr ərazini Azərbaycana təhvil verəcəyi və bununla bağlı "böyük regional normallaşma anlaşması" planının hazırlandığı vurğulanır.
 
Bildirilir ki, Türkiyə mediasında yayılan bu iddia Ermənistanda bomba effekti yaradıb. Erməni ekspertlərin fikrincə, Bakı və İrəvan arasında pərdəarxası razılaşmalar mövcuddur. Bu razılaşmalara əsasən, Zəngəzur dəhlizinin keçəcəyi ərazilər Azərbaycanın nəzarətinə veriləcək. Plana görə, Qafan şəhərindən başlayaraq Naxçıvana qədər uzanan xətdə 1200 kvadratkilometrlik ərazi Azərbaycana təhvil veriləcək.
 
Bununla yanaşı, Əlican sərhəd-keçid məntəqəsi ilə Marqara keçid məntəqəsi yaxınlığında kiçik bir ərazi "təhlükəsizlik bölgəsi" kimi Türkiyənin idarəetməsinə keçəcək.
 
Bu məlumat fonunda Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin xəritəsini hazırlaması və əraziləri tarixi adlarla qeyd etməsi İrəvanda ciddi narahatlıq doğurub.
 
Türkoloq Varujan Qeqamyan, ekspert Beniamin Matevosyan və politoloq Hrant Mikaelyan bildiriblər ki, Zəngəzur dəhlizi boyunca ərazilərin təhvil verilməsinə hazırlıq gedir:
 
"Vaşinqton razılaşmasının gizli məqamları var. Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaratmağı öhdəsinə götürüb, lakin Bakının İrəvana keçid verməsi ilə bağlı öhdəlik yoxdur. Azərbaycan heç bir planından imtina etməyib və artıq hədəfinə yaxınlaşır".
 
Qeyd olunur ki, hazırda Ermənistanda hakimiyyətlə kilsə arasında gərginlik də artmaqdadır. "Hakimiyyət-kilsə rəqabəti" çərçivəsində keşişlərin həbsi seçkiöncəsi proseslərə hesablanıb. Paşinyan əsas rəqib kimi gördüyü kilsəni zəiflətməyə çalışır. Çünki erməni revanşizmini dəstəkləyən kilsə Ermənistan-Azərbaycan sülh prosesinə mane ola bilər.
 
Müxalifət isə iddia edir ki, keşişlərin həbsi sifarişi guya Bakıdan gəlib, hətta bunun Allahşükür Paşazadə tərəfindən verildiyini iddia ediblər.
 
Süjetin sonunda vurğulanır ki, Azərbaycan regionun siyasi gündəmini müəyyənləşdirir:
 
"Erməni revanşistlərin qorxularına baxmayaraq, Zəngəzur dəhlizi tezliklə açılacaq, azərbaycanlılar tarixi yurdlarına - Qərbi Azərbaycana qayıdacaq, İrəvan qazılığı isə öz fəaliyyətinə başlayacaq. Revanşistlərə və onları dəstəkləyən erməni kilsəsinə regionda yer yoxdur".
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Link kopyalandı!
Son xəbərlər