Qərbi Azərbaycan Xronikası:
279
08:27, Bu gün

Qərbi Azərbaycan Xronikası: "Mir Cəfər Bağırov kitabı Heydər Hüseynovun başına çırpdı"

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva olub.
 
O, Qərbi Azərbaycanın yetirdiyi şəxsiyyətlərdən biri, ömrünü Azərbaycan xalqının maariflənməsinə, elmin inkişafına həsr etmiş akademik Heydər Hüseynovun həyat və fəaliyyətindən söhbət açıb. Qeyd edib ki, H.Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayı Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olub. Hər iki ailə başçısı savadlı və imkanlı olub. Ailədəki altı uşağın kiçiyi olan Heydər dünyaya gələndən az sonra atası vəfat edib. Ailənin yükü anası ilə yanaşı, böyük qardaşı Yusifin üzərinə düşüb. Lakin Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən vəhşicəsinə öldürülüb. Məşədi Gülsüm xanım ailənin digər üzvlərini qırğınlardan qorumaq üçün əvvəl Batuma, sonra Stavropola, axırda isə Bakıya köçüb, İçərişəhərdə övladları ilə birlikdə yaşayıb. Gülsüm xanım o dövrdə maddi sıxıntılarla üzləşməsinə baxmayaraq, bir balaca əlinə imkan düşən kimi İçərişəhərə su çəkdirib, xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub.
 
F.Səfiyeva vurğulayıb ki, H.Hüseynov həmin vaxtlar böyük qardaşı və anasının himayəsi altında böyüyüb. Ailənin üzləşdiyi faciələr, maddi-mənəvi sıxıntılar səbəbindən H.Hüseynov yalnız on iki yaşında Bakının 18 saylı məktəbinin şagirdi olub. Bəzi iddialara görə, o, nakam tale yaşayan Mikayıl Müşfiqlə sinif yoldaşı olub. H.Hüseynov 1927-1931-ci illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olub, ərəb və fars dillərini mükəmməl səviyyədə öyrənib, tələbəlik illərindən təhsil müəssisəsində çalışıb. H.Hüseynov elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılığa da böyük maraq göstərib. Onun elmi yaradıcılığına SSRİ miqyasında yüksək səviyyədə qiymət verilib, iki dəfə Stalin mükafatına layiq görülüb.
 
Professorun sözlərinə görə, elm sahəsində böyük uğurlara imza atan, yüksək dövlət mükafatlarına layiq görülən H.Hüseynovun şöhrəti ona düşmənlər də qazandırıb. O dövrdə mühüm vəzifələrdə çalışan bəzi insanlar akademik H.Hüseynovun uğurlarından həm qıcıqlanıblar, həm də qorxublar. Bu səbəbdən də ən müxtəlif vasitələrlə ona qara yaxmağa, akademiki ölkə rəhbərinin gözündən salmağa çalışıblar. Təəssüf ki, həmin bədxahlar sonda buna nail olublar. Stalin mükafatına layiq görüldüyünü sevincək şəkildə Mir Cəfər Bağırova çatdırmaq istəyən akademik H.Hüseynov onun çox pis rəftarı ilə qarşılaşıb. Bağırov mükafata layiq görülən kitabı akademik H.Hüseynovun başına çırpıb. "Milçəyi əzəndə izi qalar, amma səni elə məhv edəcəyəm ki, izin-tozun da qalmayacaq", - deyə onu təhqir edib. Bu hadisədən alim çox böyük sarsıntı keçirib. Bağırovun qəzəbinə tuş gələn akademik Hüseynov bütün vəzifələrini itirib. Rejimin təbliğat maşını ona qarşı tam gücü ilə fəaliyyətə başlayıb. Ən yaxın adamları, dostları, hətta sevimli tələbələri də akademik Hüseynovun əleyhinə fikirlər səsləndirib, iclaslarda, yerli mətbuatda onu sərt tənqid atəşinə tutublar. Bütün bu təzyiqlərə tab gətirə bilməyən alim intihar edib.
 
Professor F.Səfiyeva akademik H.Hüseynova həsr etdiyi kitabından da danışıb. Bildirib ki, böyük əziyyət bahasına başa gələn kitabda irəvanlı filosof-alimin həyat yoluna işıq salınıb, arxiv materiallarına, övladlarının və alimin yaxınlarının xatirələrinə geniş yer verilib. "Bir ömrün iziylə" adlanan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Link kopyalandı!
Son xəbərlər