Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Buraxılışda Əməkdar rəssam Şərif Şərifovun kolleksiyaçı Yusif Bağırzadənin unikal silah kolleksiyası haqqında fikirlərinə yer verilir.
Bildirilir ki, ev-muzeyində tarix nəfəs alır: Şedevrlərlə dolu bir məkanda Təbərzin sirri, Səfəvi hakimiyyətinin rəmzi, Təbriz məktəbinin izi, miniatürlərin sehrli dili, Nadir şahdan bu günə gəlib çıxan qalxanın yaddaşı, ox, qılınc, xəncər izləri yaşadılır. Kolleksiyalarda dünya muzeyinə layiq əsərlər saxlanılır. Burada plastika, rəng, kompozisiya, eləcə də hər əşyanın ikinci həyatı var. Həmçinin Səfəvi-Qəndəhar döyüşünün izləri, 1708 tarixinin şifrəsi, zərgər, silah və tişə ustadlarının sənət səsi, Qacar və Əfşar dövrləri əhatə olunur".
Ş.Şərifov sonda kolleksiyada yer alan Nizami Gəncəvi motivləri ilə bağlı yazıların mahiyyətinə də aydınlıq gətirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.