Bizi sosial şəbəkələrdən izləyin:
"Bizim çox sayda çempion idmançılarımız var. Ümumi idman tərəfindən baxsaq, istər güləş, istər cüdoda olimpiya və dünya çempionlarımız kifayət qədərdir".
Moderator.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Euronews" kanalına müsahibəsində deyib.
O bildirib ki, ümumiyyətlə Azərbaycan idman ölkəsidir:
"Futbol elə səviyyəyə çatıb ki, bununla ayaqlaşmaq heç də asan deyil. Çempionlar Liqasında zəif komanda yoxdur. Belə komandalara qalib gəlmək və ön sıralarda olmaq məni sevindirməyə bilməz. Demək olar ki, bütün dünya bizimlə maraqlanmağa başladı".
Qurban Qurbanov qarşıya qoyduqları məqsədlər barədə də danışıb:
"Həmişə qarşımıza qoyduğumuz məqsəd maksimum çalışaraq, daha da irəli getmək olub. Get-gedə həm "Qarabağ"a, həm də bütövlükdə Azərbaycan futboluna diqqət çoxalır. Belə olan halda da istər-istəməz klubu həm də rəhbərlik səviyyəsində daha da inkişaf etdirəcəyimizə və uğurlu nəticələr əldə etməyə dair ümidim artır".