Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Bizans dövlətini kim qurdu: yunanlar, yoxsa prototürklər? adlı veriliş hazırlanıb.
Verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy Qərbi Azərbaycan etnonimlərindən danışıb.
O bildirib ki, Qərbi Azərbaycanda etnonimlərin ən qədimləri türkcədir: "XIII əsrə qədər "alman" adlandırılan xalq türk dillərinə qohum olan bir dildə danışırdı. Qədim alman dili türk dilinə qohum olan dildir. Franklardan öncə Avropada türk dilli izlər mövcuddur. Qədim hayların panteonunda qəhrəman "Türk" var. 387-ci ilə qədər "erməni dili" heç harada yoxdur".
Filoloq etnonimlərin önəmi, Alban kilsələrinin kimin mirası olmasından, Yerevan adının İr-eba-İrəvan-Yerevan formatında üç dəfə dəyişməsindən, "Er" və "Ər", "Ay" və "Hay" sözlərinin anlamından, Alman və Arman tayfalarının sirrindən söz açıb, erməni mifində qartal simvolu və türk izləri, Bizans dövlətini yunanların, yoxsa prototürklərin qurması, xristian azərbaycanlıları və Qafqazın demoqrafiyası, Anadolu-Qafqaz-Fələstin xətti: türk imperiyalarının coğrafiyası, "Armeniak" adının arxasında gizlənən tarix, Orxon-Yeniseydən Qafqaza: türk izlərinin xronikası ilə bağlı fikirlərini açıqlayıb.
İ.Cəfərsoy ermənilərin "Hayastan" dediyi ərazinin hara olması, Qərbi Azərbaycanda ən qədim etnonimlər, "Armeniya" yoxsa "Hayastan?"tarixi adların gizli izahı və digər maraqlı məqamlara aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş oktyabrın 15-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.