Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabrın 13-də bütün dünyanın diqqət mərkəzində olan Yaxın Şərq "Sülh Sammiti" bölgədə yeni düzənin müjdəçisi olmaqla yanaşı, İranın onilliklər boyu yürütdüyü regional siyasətin iflasa uğramasının növbəti və ən aydın təzahürü oldu.
Bu barədə "Azad İran" "YouTube" kanalının videomaterialında bildirilir.
Bu ilin iyun ayında 12 günlük müharibə zamanı İsrailin məhv etdiyi məşhur İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generallarından biri Qulaməli Rəşid düz dörd il əvvəl - 2021-ci ilin sentyabrında etdiyi bir çıxışında demişdi:
"Qasım Süleymani ölümündən 3 ay əvvəl yüksəkrütbəli hərbçilərin iştirakı ilə keçirilən müşavirədə bildirmişdi ki, sizin üçün İran sərhədlərindən kənarda 6 ordu yaratmışam. Bu ordular Aralıq dənizi sahillərinə qədər uzanan və eni 1000 kilometr, uzunluğu 1500 kilometr olan bir ərazidə yerləşir. Əgər hər hansı bir düşmən İran İslam İnqilabı ilə, müqəddəs İslam Respublikası quruluşu ilə döyüşmək fikrinə düşsə, əvvəlcə gərək bu altı ordunu məğlub etsin, buna da qadir olmayacaq".
Həmin çıxışdan keçən qısa müddət ərzində, xüsusən 2023-cü ilin 7 oktyabrından bəri İran generalının haqqında fəxrlə danışdığı həmin altı ordu bir-birinin ardınca tam və ya qismən sıradan çıxarılıb və onlardan ən önəmlilərindən biri olan HƏMAS da özünün əsas liderlərini itirdikdən sonra bu günlərdə ABŞ Prezidenti Donald Trampın 20 bənddən ibarət sülh planını qəbul etməli olub. HƏMAS-ın faktiki olaraq təslim olması, o cümlədən Qəzza zolağının idarəçiliyindən imtina etməyə razılaşması təkcə bölgədə kütləvi insan qırğınının sonu deyil, həm də İranın regional təsirinin sonudur. Başqa sözlə, İranın milyardlarla dollar vəsait sərf edərək formalaşdırdığı "Müqavimət oxu"nun Aralıq dənizinə çatan ucu qırılıb və artıq o, regionda əvvəlki funksiyasını yerinə yetirmək iqtidarında deyil.