Azərbaycanda palçıq vulkanı püskürdü - YENİLƏNİB + VİDEO
828
14:07, Bu gün

Azərbaycanda palçıq vulkanı püskürdü - YENİLƏNİB + VİDEO

Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında oktyabrın 11-də püskürmə qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.
 
İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.
 
Üçüncü faza püskürmə isə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.
 
Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul (enerjinin həcmi) olub.
 
Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.
 
10:30
 
Bakıda palçıq vulkanı püskürüb.
 
Bu barədə Moderator.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
 
Qeyd olunub ki, bu gün saat 08:27-də Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.
 
Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.
 
Fövqəladə Hallar Nazirliyindən isə Moderator.az-a bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib. 
 
Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib. 
 
Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.
Link kopyalandı!
Son xəbərlər