Amerikalılar Zəngəzurda: Dəhlizin Meğridən keçən hissəsi nə zaman inşa ediləcək?
488
08:40, Bu gün

Amerikalılar Zəngəzurda: Dəhlizin Meğridən keçən hissəsi nə zaman inşa ediləcək?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
 
"Kopenhagen görüşü: Əliyev-Paşinyan masasında nə danışıldı?" adlı süjetdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Polşa telekanalına Zəngəzur dəhlizi ilə bağlı müsahibəsinin detallarından bəhs olunur.
 
Bildirilir ki, Mirzoyanın sözlərinə əsasən, Zəngəzur dəhlizi ilə bağlı texniki məsələlər yaxın aylarda yekunlaşa, layihənin Meğridən keçəcək hissəsində inşaat işlərinə başlanıla bilər.
 
Onun sözlərinə görə, "Prinsiplər razılaşdırılıb, indi amerikalılarla texniki parametrlər müəyyən edilməlidir. Tikintiyə başlanacaq və mütəxəssislərin fikrincə, dəmir yolu layihəsinin icrası ən azı iki il çəkəcək. Biz bu prosesdə maraqlıyıq".
 
Qeyd olunur ki, son vaxtlar Bakı-İrəvan xəttində dəhliz terminologiyası ilə bağlı ritorik qarşıdurmanın yaşanması diqqət çəkir:
 
"Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə, BMT Baş Assambleyasının 80-ci sessiyasında, AŞPA-nın iclasında, eləcə də Avropa Siyasi Birliyinin 7-ci zirvə iclasının keçirildiyi Kopenhagendə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılıb. Ümumiyyətlə, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinə verəcəyi töhfədən danışır, Nikol Paşinyan isə "Zəngəzur dəhlizi ritorikasının əldə olunan sülh atmosferinə uyğun olmadığı" iddiasını irəli sürür".
 
Erməni şərhçi Sevak Akopyan yazır ki, BMT-də "Zəngəzur dəhlizi ifadəsini ərazi iddiası kimi qəbul edirik" deyən, AŞPA-da buna etiraz edən Paşinyan Prezident İlham Əliyevlə görüşür və bu haqda heç nə danışmır. Ermənistan lideri Azərbaycan Prezidenti İlham Əliyevdən qorxurmu? Səbəb qorxu deyilsə, niyə başqa yerdə etiraz etdiyi halda, birbaşa təmasda səsi çıxmır?"
 
Diqqətə çatdırılır ki, Zəngəzur dəhlizi termininə görə ritorik müstəvidə mübahisələr müşahidə edilsə də, praktiki müstəvidə işlərin razılaşmaya uyğun davam etdiyi görünür: "Artıq ABŞ-ın nümayəndə heyəti Zəngəzur dəhlizi ilə bağlı texniki məsələləri müzakirə etmək və razılaşdırmaq üçün Ermənistana gəlib. Hazırda dəhlizin inşası ilə bağlı müəyyən işlər başlanıb".
 
Sonda vurğulanır ki, Zəngəzur dəhlizinin işə düşməsindən sonra Qərbi Azərbaycan torpaqlarına sərbəst daxil olmaq imkanı yaranacaq: "Azərbaycanın hədəfləri dəyişməyib. Güclü Azərbaycan qayıdış daxil olmaqla, bütün hədəflərinə nail olacaq".
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Link kopyalandı!
Son xəbərlər