Yolumuz Xocavənd rayonunun Hadrut qəsəbəsinədir. Düz beş il əvvəl bu torpaqlarda ümid yenidən doğuldu. Həsrətlə baxdığımız yurdumuzda sevincin, azadlığın və zəfərin hekayəsi yazılmağa başladı.
Moderator.az xəbər verir ki, "Report"un əməkdaşları Hadrutda olub, bölgədən reportaj hazırlayıblar.
Artıq Hadruta köç prosesi başlayıb. Sakinlər doğma yurdlarına qayıdır, yeni ümidlər yaranır. Burada Prezident İlham Əliyevin də ziyarət etdiyi Mustafayevlər ailəsinin qonağıyıq. Ev sahibləri bizi gözləyir, şərəfimizə süfrə açılıb. Axı Qarabağda həmişə belə olub. Gələn qonaq üçün süfrələr açılıb, "gözümüz üstündə yerin var" deyilib.
Ev sahibi Zahid Mustafayev deyir ki, atasının 50 yaşında çıxmaq məcburiyyətində qaldığı Hadruta o, 50 yaşında qayıdıb:
"13 yaşımda buradan məcburi köçkün düşmüşəm. Hadrut xatirəmdə həmişə gözəl qalıb. Burada gözəl görüntüyə malik duman olur. Deməli, duman dağın yarısına qədər enir, hər iki tərəfin dağ olması möhtəşəm mənzərə yaradır. Buranın havası, suyu bir başqadır. Burada bir yemişan bitir ki, o dadı son dəfə 37 il əvvəl almışam. Bir də dünən təsadüfən gəzərkən gördüm və topladım. Eyni dad idi".
Onun xanımı Flora Mustafayevanın sözlərinə görə, həyat yoldaşı ata yurdundan həmişə ağızdolusu bəhs edib:
"Zahid buralar barədə çox danışırdı, amma Hadrutun bu qədər gözəl olduğunu bilmirdim. Oğlum hazırda bacıları ilə birlikdə təhsilləri ilə əlaqədar olaraq burada deyil. Amma o da hər dəfə danışanda deyir ki, sıxılıram və Hadruta gəlmək istəyirəm".
Z.Mustafayev Hadrut işğaldan azad olunandan bu günə qədər bura köçməyin arzusunda olduğunu vurğulayır:
"Nəhayət, köçüb gəldik. Prezident İlham Əliyev evimin ilk qonağı oldu, şəraitimizlə maraqlandı. Dedim ki, hər şey əla və qaydasındadır".