TDT liderlərini bir araya gətirən səbəb - 121 maddəlik Qəbələ Bəyannaməsinin tarixi önəmi
287
15:10, Bu gün

TDT liderlərini bir araya gətirən səbəb - 121 maddəlik Qəbələ Bəyannaməsinin tarixi önəmi

Bu həftə Qəbələdə Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü baş tutdu. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu mühüm tədbir yalnız liderlərin görüş yeri olmadı, həm də regiondakı sülh, əməkdaşlıq və təhlükəsizlik məsələlərinin strateji müzakirə platformasına çevrildi.
 
Zirvənin sonunda qəbul olunan Qəbələ Bəyannaməsi isə türk dövlətlərinin həmrəyliyini və koordinasiyalı siyasət yürütmə iradəsini bir daha ortaya qoydu. Liderlər Kipr və Fələstin məsələlərində ortaq mövqedən çıxış etdiklərini açıq şəkildə səsləndirdilər. Kipr məsələsində diqqətəlayiq məqam odur ki, TDT üzvləri Kipr türklərinin hüquqlarının təmin olunmasına xüsusi önəm verirlər və qarşılıqlı məqbul həllin tapılması üçün dialoqu vacib hesab edirlər.
 
Fələstin məsələsində isə bəyannamə humanitar vəziyyətə diqqət, təcili atəşkəs, həmçinin ikidövlətli həll prinsipini dəstəkləyir. Bu, regionda sabitliyin bərqərar olunması baxımından vacib bir siqnaldır. Eyni zamanda Suriya məsələsi də diqqətdən kənarda qalmadı: TDT üzvləri Suriyanın ərazi bütövlüyü və sabitliyinə dəstək öhdəliyini təsdiqlədilər.
 
Zirvədə yalnız siyasi mövzular deyil, iqtisadi və nəqliyyat sahəsində də önəmli qərarlar qəbul edildi. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında maneəsiz nəqliyyat əlaqələrinin bərpası region üçün strateji əhəmiyyət kəsb edir. Bu addım həm Zəngəzur dəhlizinin işə düşməsinə, həm də Bakı-Tbilisi-Qars dəmir yolundan maksimum istifadəyə imkan yaradacaq.
 
Bəyannamədə həmçinin Trans-Xəzər dəhlizi və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu kimi layihələrə dəstək vurğulanır ki, bu da Türk dövlətlərinin Avropa-Asiya ticarət yollarında daha fəal iştirakına zəmin formalaşdırır. Bu, həm də region iqtisadiyyatının inteqrasiyasını sürətləndirə və strateji əlaqələri gücləndirə bilər. Zirvə zamanı bir başqa önəmli təşəbbüs də vurğulandı: Türk dünyasında vahid əlifbanın tətbiqi istiqamətində işlərin sürətləndirilməsi. Bu, həm mədəni yaxınlaşmanı, həm də gələcəkdə təhsil, media və texnologiya sahələrində inteqrasiyanı asanlaşdıracaq strateji addımdır.
 
Zirvədə Prezident İlham Əliyev də mühüm təkliflə çıxış etdi. TDT ölkələrinin Azərbaycanda birgə hərbi təlim keçirməsi ideyası gündəmə gətirildi. Bu, türk dövlətləri arasında hərbi-siyasi əməkdaşlığın dərinləşməsinə səbəb ola bilər. Beləliklə, Qəbələ Zirvəsi göstərdi ki, Türk Dövlətləri Təşkilatı yalnız mədəni və diplomatik həmrəylik deyil, həm də regionun sülh, təhlükəsizlik və iqtisadi inkişafında fəal oyunçu olmaq niyyətindədir. Bəyannamədə ifadə olunan birgə öhdəliklər və əməkdaşlıq təşəbbüsləri türk dünyasının gələcəkdə həm regional, həm də beynəlxalq səhnədə daha güclü rol oynayacağını göstərir.
 
Ətraflı Baku TV-nin videomaterialında:
 
Link kopyalandı!
Son xəbərlər