Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanda oktyabrın 17-dən pedofiliyaya görə məhkum edilən şəxslərə kimyəvi axtalama tətbiqinin yenilənmiş qaydaları qüvvəyə minəcək.
Bu barədə "Tengrinews" məlumat yayıb.
Səhiyyə nazirinin əmri ilə qaydalara edilən dəyişikliklərə əsasən, kimyəvi axtalama məhkəmənin qərarı ilə məhkum azadlıqdan buraxılmasına altı ay qalmış tətbiq ediləcək. Bu tədbir yalnız 18 yaşdan yuxarı, yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli cinayətlər törətmiş şəxslərə şamil olunur.
Prosedur birbaşa həbsxanalarda həyata keçiriləcək. Sənəddə qeyd olunur ki, "məcburi tibbi xarakterli tədbir azadlıqdan məhrumetmə cəzasını çəkən şəxslərə münasibətdə cəzaçəkmə müəssisəsində, digər hallarda isə ambulator psixiatrik yardım göstərən tibb müəssisəsində icra edilir".
Yeni qaydalara əsasən, həbsxana rəhbərliyi məhkumun azadlığa çıxmasına ən azı 12 ay qalmış materialları məhkəməyə təqdim etməlidir. Məhkəmə isə məhkumda psixi pozuntu və cinsi zorakılığa meyillərin olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertiza təyin edəcək.
Qaydalar psixi pozuntusu aşkar edilmiş şəxslərə, hətta onlar anlaqlı hesab olunsalar belə, şamil edilmir. Əmr rəsmi dərcindən 10 təqvim günü sonra qüvvəyə minəcək. /Oxu.az/