Bizi sosial şəbəkələrdən izləyin:
Nəriman Nərimanov rayonu, Firdovsi Məmmədov 17 ünvanında yerləşən “Sipark” yaşayış kompleksindəki evlərini 6 il əvvəl təhvil almalı olan insanlar hələ də MTK-nın yolunda ayaq döyməli olur.
Moderator.az xəbər verir ki, REAL TV-yə danışan sakinlərin sözlərinə görə, 2017-ci ildə onlar “Eurostroy ss” şirkəti ilə müqavilə imzalayıblar.
Şikayətçilər iddia edir ki, 2 ilə yekunlaşmalı olan binanın tikintisi artıq 8 ildir bitmək bilmir. Həmçinin sakinlər kirayə ödənişlərini də vaxtlı-vaxtında ala bilmirlər. Şirkət hər ay ödəməli olduğu məbləği həftələr ərzində hissə-hissə ödəyir:
“300 manata müqavilə bağlayıblar, bu ərazidə də evlərin kirayə qiymətləri qalxıb. 500 manatdan aşağı kirayə yoxdur. Evi də 9 ildir nə qədər gözləyək? Hər dəfə söz verirlər, nəticəsi də yoxdur. Həftəyə 100 manat ödəyirlər. Mən də ehtiyacımı ödəyə bilmirəm. Ev pulunu verə bilmirəm, kirayəçiyəm. Müdiriyyət bizə demişdi ki, noyabrın 5 ilə 10-u arası evlər təhvil veriləcək. Biz çox əziyyət çəkirirk. 9 ildir gəlib gedirik heç bir nəticə yoxdur. Tikinti də göz qabağındadır. Buranı 1 aya təhvil vermək olar?”.
Sözügedən şirkətin əməkdaşı isə problemdən xəbərdar olduqlarını, sakinlərə işlərlə bağlı vaxtaşırı məlumat verdiklərini bildirib: “Bu yaxınlarda sakinlərlə görüşmüşük və onlara bu barədə geniş məlumat vermişik. Müəyyən səbəblərdən biraz gecikmələrimiz olub. Demək olar ki, 3 blok artıq hazırdır. Onların liftləri də gəlib. Liftlərin quraşdırılması və dam örtüyünün örtülməsi istiqamətində işlər gedir. İlin sonunadək həmin 3 bloku sakinlərə təhvil verəcəyik. Qalan digər bloklar isə onlardan 4-5 ay sonra təhvil veriləcək. Ödənişlərdə də müəyyən gecikmələr var, amma heç bir sakin deyə bilməz ki, biz hər həftə pul almırıq. Kirayə pulu demək olar ki, ödənilir. Müəyyən gecikmə olubsa, o pullar da hesablanıb həmin sakinlərə qəpiyinə qədər ödəniləcək. Kirayə ilə bağlı heç kəsin 1 manatı da şirkətdə qalmayacaq”.