Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Maştağa sakini Ataməli Nəcəfov olub.
Verilişdə o, uşaqlıq xatirələrindən söz açıb:
"Ailədə 11 uşaq olmuşuq. Bu gün bacı-qardaşlarımın hamısı vəfat edib, tək mən qalmışam. Atam savadlı insan idi, mühasib işləyirdi. Valideynlərimiz bizi kasıbçılıqla böyüdüblər. Biz uşaq olanda atam bir kiloqram ət alardı, anam ondan sulu yeməklər bişirərdi. Bir ay həmin ətin ətrini qazanda hiss edərdik. Anam atam gəlməmiş bizi süfrəyə oturmağa qoymazdı. Məktəbə gedəndə isə növbə ilə bir-birimizin paltarlarını geyinərdik".
Maştağa sakini o vaxtların kişilərindən də bəhs edib.
"Əvvəllər hökmlü kişilər çox idi. İnsanlar qoçaq adamlara hörmət edərdilər. Yaxşı iş-güc sahibi olan oğlanları bəyənərdilər. Qız kimi hərəkət edən kişiləri heç kim sevməzdi", - deyə o, sözlərinə əlavə edib.
Ataməli Nəcəfov həmçinin gənclərə savadlı olmağı tövsiyə edib:
"Savadlı insana hər yerdə hörmət edirlər. Belə adamlar bütün vəziyyətlərdən çıxmağı bacarırlar. Cavanlara tövsiyə edirəm ki, böyüklərin məsləhətinə qulaq assınlar. Evlilik kimi mühüm qərarları da düşünərək versinlər, həyat yoldaşlarını düzgün seçsinlər".