Bizi sosial şəbəkələrdən izləyin:
Bəzi obyektlərdə azyaşlıların iştirakına baxmayaraq, qəlyan istifadəsinə məhdudiyyət qoyulmur. Bu isə qanun pozuntusu olmaqla yanaşı, həm də uşaqların sağlamlığına və psixologiyasına mənfi təsir göstərir.
Mövzu ilə bağlı millət vəkili Elşad Musayev bildirib ki, ölkəmizdə qapalı məkanlarda siqaret və qəlyan çəkilməsinə qadağa qoyulsa da, bu qaydaya nəzarət yetərincə aparılmır:
"Bu, çox ciddi problemdir. Azərbaycanda qapalı məkanların böyük əksəriyyətində siqaret və qəlyan çəkilir. Təəssüf ki, qəbul olunmuş qərarlar icra edilmir. Nəzarət orqanlarının da fəaliyyətində boşluqlar var. Belə məkanlar ciddi şəkildə cəzalandırılmalı, hətta bağlanmalıdır. Cərimələr tətbiq olunduqdan sonra qaydalar daha yaxşı işləyəcək".
Xatırladaq ki, açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla, restoran, kafe, bar kimi ictimai iaşə obyektlərində siqaret çəkmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən, belə hallara görə vətəndaşlar 30 manat, vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 1 000 manat məbləğində cərimələnirlər.
Ətraflı Baku TV-nin süjetində: