435
15:41, Bu gün

"Lavrovun BMT-də sərt çıxışı: Qərbə ittihamlar və Rusiyanın ikili oyunu" - Qərb mətbuatı

 
"Rusiya beynəlxalq hüququ müdafiə etdiyini iddia etsə də, özü dünyada sülhə ən böyük təhlükə törədir..."
 
BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbi "ikili standartlarda" ittiham edib.
 
Moderator.az xəbər verir ki, bu barədə  "news.un.org" nəşri yazıb.
 
Lavrov NATO-nun Yuqoslaviya, İraq və Liviyadakı hərbi əməliyyatlarını, eləcə də İsrailin Fələstin və digər Yaxın Şərq ölkələrinə qarşı fəaliyyətlərini kəskin tənqid edib. O, bildirib ki, Qəzzada baş verənlər "kollektiv cəza"dır və yüz minlərlə insan evsiz qalır, uşaqlar aclıqdan və bombardmanlardan ölür.
 
Nazir həmçinin İsraili bölgədə gərginliyi dərinləşdirməkdə, İrana, Qətərə, Yəmənə, Livana və Suriyaya qarşı "qanunsuz güc tətbiqində" günahlandırıb. O, Qərbin İrana qarşı sanksiyaları bərpa etmək cəhdini "qanunsuz və qəbuledilməz" adlandırıb.

Ukrayna məsələsi və NATO ittihamları

 
Lavrov çıxışının böyük hissəsini Ukraynaya həsr edib. O, 2014-cü ilin hadisələrini "Qərbin təşkil etdiyi çevriliş" adlandıraraq Kiyevi rusdilli əhaliyə təzyiq göstərməkdə ittiham edib. Nazir iddia edib ki, Ukraynanın 2022-ci il sərhədlərinə qayıtması mümkün deyil və "Rusiya hər zaman dialoqa açıqdır, lakin təhlükəsizlik zəmanətləri tələb edir".
 
Bununla yanaşı, o, NATO-nu "Şərqə doğru genişlənməkdə" günahlandıraraq, bunun yalnız Rusiyaya deyil, "bütün Avrasiya məkanına təhlükə yaratdığını" iddia edib. Lavrov əlavə edib ki, Rusiyaya qarşı hər hansı "təcavüzə qəti cavab veriləcək".
 
BMT-də islahat çağırışı və "Qlobal Cənub"a dəstək
 
Lavrov BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı olduğunu vurğulayaraq, Asiya, Afrika və Latın Amerikasının daha geniş təmsil olunmasını tələb edib. O, Braziliya və Hindistanın daimi üzv olması ideyasını dəstəkləyib və Afrikaya qarşı "tarixi ədalətsizliyin" aradan qaldırılmasının vacibliyini qeyd edib.
 
Rusiya XİN rəhbəri həmçinin ŞƏT, BRİKS və Afrika İttifaqının yeni güc mərkəzləri kimi yüksəlişini önə çəkərək, islahatların "şəffaf şəkildə və bütün üzv dövlətlərin iştirakı ilə aparılmalı olduğunu" bildirib.
 
Strateji sabitlik və ABŞ-la dialoq
 
Öz çıxışında Lavrov ABŞ-la münasibətlərə də toxunaraq, strateji sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, Vladimir Putinin START (Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında) müqaviləsinin müddətinin bir il uzadılması təklifini xatırladaraq, bunun yeni silahlanma yarışının qarşısını ala biləcəyini söyləyib.
 
Rusiyanın riyakarlığı və həqiqi təhlükə
 
Lavrovun BMT tribunasından səsləndirdiyi iddialar Rusiyanın öz davranışları ilə kəskin ziddiyyət təşkil edir. O, Qərbi beynəlxalq hüququ pozmaqda ittiham etsə də, məhz Moskva Ukraynanı işğal etməklə BMT Nizamnaməsinin əsas prinsiplərini - dövlətlərin suverenliyi və ərazi bütövlüyünü ayaqlar altına atıb.
 
Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünyada sülh və təhlükəsizliyi təmin etmək əvəzinə, özü ən böyük təhlükə mənbəyinə çevrilib. Bu riyakarlıq bir daha göstərir ki, Moskvanın "beynəlxalq ədalət" çağırışları sadəcə siyasi manipulyasiyadır və real məqsəd öz təcavüzkar siyasətini pərdələməkdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər