BMT kürsüsündən üzü Gəncəyə və Nilayın əlini tutan Dövlət Baba
138
14:14, Bu gün

BMT kürsüsündən üzü Gəncəyə və Nilayın əlini tutan Dövlət Baba

Prezident İlham Əliyev iştirak etdiyi BMT Baş Assambleyasından – Nyu-Yorkdan Anım Günündə xalqının yanında olmaq üçün tələsdi və bu tarixi, şərəfli, qürurlu gündə birbaşa Gəncəyə gəldi. 44 günlük Vətən müharibəsində ata-anasını, nənəsini itirən balaca Nilayın əlindən tutmağa...
 
 
Hələ o görüntüləri izləməmişdik...Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Nyu-Yorkda BMT Baş Məclisinin 80-ci sessiyasının açılışında iştirak edən nümayəndə heyətinin Vətənə qayıdışı ilə bağlı təsirli paylaşım etdi:
 
“27 Sentyabr - Anım Günü Vətənimiz Azərbaycanda! Uçuş marşrutu: Nyu-York-Gəncə!”
 
Vətən müharibəsində Ermənistanın xain hücumları nəticəsində ağır yaralar alan, ballistik raketlərlə vurulan, sakinləri, həm də körpələri, qadınları yatdığı yerdə qətlə yetirilən Gəncəyə! Bu, həm də Anım Günündə Gəncə həqiqətlərinə davam edən BMT Baş Assambleyasının diqqətini bir daha çəkməkdən ötrü çox vacib səfər oldu...
 
Gəncədəki görüş isə...olduqca təsirli idi, dəfələrlə izlədim. Məsum Nilay Əliyevanın ən doğma İnsanın yanına tələsən, qürurla, kövrək, həm də mətin addımlarını, cənab Prezidentin onu bağrına basıb nəvə kimi nəvaziş göstərməsini... Sonra dövlətimizin başçısı Nilayın əlindən tutdu və Gəncə Memorial Kompleksinə doğru birgə addımladılar. Anım Gününün, həm də Qürur və Şərəf gününün ilkidir, bəlkə də yaranışdan dünyada belə rəsmi protokol olmamışdı.
 
 
Dövlətimizin başçısı 27 sentyabrda Bakıdakı Zəfər Kompleksini də ziyarətə gəlib, orada rəsmi protokola uyğun şəkildə Bakıdakı diplomatik korpusun təmsilçilərinin başsağlığını qəbul edə bilərdi. Amma Nilayla görüşü daha önəmli hesab etdi. Əslində Nilay Əliyeva dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olanların övladlarının rəmzi təmsilçisi də sayıla bilər. Ali Baş Komandan Nilayın əlindən tutmaqla sanki bütün şəhid övladlarının, həmçinin Gəncə, Naftalan, Tərtər, Bərdə və digər şəhər və rayonlarımızda şəhid olanlarımızın övladlarının əlindən tutdu. Həm də Anım Günündə dövlət başçısı Nilay Əliyevanın əlindən tutmaqla Azərbaycanın gələcəyinin əlindən tutduğunu, onları xoşbəxt gələcək gözlədiyini nümayiş etdirmiş oldu. Bu, güvənc əli idi. Balaca Nilayın kövrək və inamlı səslə “Onu çox sevdim, yaxşı babadır”, sözlərini dinlədim. Necə də səmimi qiymətləndirmə... Bu, gələcəyimizin qiymətləndirməsidir.
 

Əslində Nilayın əlindən tutan Dövlət Babanın əli idi. Özü də təkcə balaca qızcığazın əlindən tutmamışdı, bütövlükdə xalqımızın əlindən tutmuşdu. 4 günlük Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında Dəmir Yumruğa dönən o əl(lər) Nilayın əlindən tutub onu irəli aparırdı. Gəncə Memorial Kompleksinin açılışı gələcəyimizin rəmzi olan Nilay bala ilə həyata keçirildi ki, gələcək nəsillər heç zaman başımıza gətirilən müsibətləri, faciələri, soyqırımları unutmasınlar!

 
Təsadüfi deyildi ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından etdiyi çıxışda da Ermənistanın işğalçı siyasətindən, Azərbaycanın üzləşdiyi ədalətsizlikləri, beynəlxalq aləmin, aparıcı dünya təşkilatlarının işğala, terrora biganə münasibətindən bəhs etdi. Bunun mənası o idi ki, Əbu-Dabidəki ikitərəfli danışıqlar, Vaşinqtondakı razılaşmalar, sülh sənədinin paraflanması, Zəngəzur dəhlizinin – Tramp marşrutunun reallaşdırılması istiqamətində üçtəfərəfli anlaşma belə bizim qan yaddaşımıza təsir edə bilməz, heç nə və heç kim unudulmayacaq, yaddan çıxmayacaq! Bu, həm də o deməkdir ki, ağır günlərdə yanımızda olanlarla olmayanları da unutmayacağıq, bizə düşmənçilik edənlərlə dost-qardaş olanlar arasında bərabərlik olmayacaq! Çünki biz xalq olaraq tarix boyu unutqanlığımızın “bəhrəsi” olaraq təkrar-təkrar fəlakətlər, soyqırımlar yaşamışıq.
 
 
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindəki qələbədən sonra BMT tribunasında etdiyi ilk çıxışında BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələri, 30 illik səmərəsiz danışıqlardan sonra Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməsini xüsusi vurğulamaqla Azərbaycanın nə qədər çətin və böyük bir işin öhdəsindən gəldiyini iştirakçı liderlərə xatırlatdı. Bunun mənası həm də o idi ki, zamanında ikili standartlarla yanaşmanız olmasaydı, nə bu qədər qanlar tökülər, nə də xalqımız əziyyətlər çəkərdi. Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasında onların da “əməyi” var idi – BMT Baş Assambleyasındakı səsvermədə ölkəmizin ərazi bütövlüyünə “bitərəf” qalan (!!!) həmsədr ölkələrin, həm də səs verdikləri, qəbul etdikləri qətnamələrin ayaqlar altına atılmasına seyrçi qalan güc mərkəzlərinin! Söhbət həm də 30 ilə yaxın müddətdə Minsk Qrupunun həmsədri kimi bir təsisatın adı altında status-kvonun – işğalın, təcavüzün, ilhaqın əbədiləşdirilməsi üçün əlindən gələni edən ölkələrdən gedir. Özlərinin turist diplomatları ilə Qarabağda canişinliklər yaradan paytaxtların oynadığı məkrli oyunları alt-üst etdi Azərbaycan Lideri və onun komandanlıq etdiyi şanlı ordumuz!
 
 
Azərbaycanın yeni bir dövrə qədəm qoymasından - həm müharibədə, həm də sülhdə qazanılan qələbədən bəhs edən dövlət başçımızın “Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”, mesajı onun böyüklüyünü, bəşəriyyətdə işğala, terror, təcavüzə son qoymaqdan ötrü hərbi uğurlarla bağlı təcrübəsini bölüşməyə hazır olduğunu göstərdi. Bu alicənablıq, böyüklük, insanlıq naminə fədakarlıq necə qəbul olunacaq, gələcəkdə görəcəyik. Amma istənilən halda aparıcı ölkələrin belə hərbi mərkəzlərinin Azərbaycanın ildırımsürətli əməliyyatlarının sirlərini tədqiq etməsinin özü məsələyə həssas yanaşmanın təzahürü sayılmalıdır. Şuşa qalasının düşməndən azad edilməsinin sirlərini öyrənən aparıcı hərbi mərkəzlər inanaq ki, bu təcrübəni ədalətin təmtənəsi naminə əxz və tətbiq edəcəklər, yeni ərazilərin ilhaqı naminə deyil.
 
Baş Assambleya keçirildiyi günlərdə Moskvaya çağırılan Ermənistanın baş naziri Nikol Paşinyanın sonradan Nyu-Yorka tələsməsi və BMT kürüsündən çıxış etməsi heç şübhəsiz ki, Azərbaycan Prezidentinin çox uğurlu səfərinin və tarixi çıxışının məntiqi nəticəsi idi. Əslində Paşinyan Azərbaycan Prezidenti ilə növbəti dəfə görüşmək fürsətini əldən verdi, Rusiyanın oynadığı destruktiv rol sayəsində. Amma o da çıxışında növbəti dəfə sülhdən danışdı, Vaşinqton anlaşmalarını icra edəcəyinin anonsunu da eşitdik. Əksi də mümkün deyil, çünki Ermənistanın nəhayət, dövlət adında ortaya çıxması üçün tarixi şans yaranıb, Azərbaycan dövlətinin, dövlət başçısının uzatdığı barış əlinin sayəsində.
 
Amma Ermənistan baş nazirinin əsir və itkin düşənlərlə bağlı çıxışında səsləndirdiyi fikirlər birmənalı qarşılana bilməz. Ondan əvvəl Azərbaycan Prezidenti ali kürsüdən Ermənistanın təcavüzü və işğalı zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsini istədi. Bu ağrılı mövzu ilə bağlı suallar təkcə Ermənistan rəhbərliyinə yönəlməmişdi, həm də uzun illər ərzində humanitar məsələlər adı altında fəaliyyət göstərən paytaxtlara, ölkələrin başçılarına ünvanlanmışdı. Həmsədrlər hər səfərləri zamanı bir azərbaycanlının taleyindən xəbər gətirsəydilər, indi bu barədə danışmağa bəlkə də gərək olmazdı…Etmədilər, etmək istəmədilər. 44 günlük müharibədən sonar hər dəfə Azərbaycanda saxlanan əsirlər, qatillərlə bağlı müraciət edənlər nədənsə İrəvandan bir azərbaycanlının sorağını almaq üçün əziyyətə qatlaşmadılar…  
 
Prezident İlham Əliyev BMT kürsüsündən mina təhlükəsi barədə də danışdı. Dövlət başçımızın 44 günlük müharibədən sonra 400-dən (!!!) artıq vətəndaşımızın mina terrorunun qurbanı olduğunu deməsi də Ermənistanın cinayətlərini görməzdən gələn, bu ölkəni adicə mina xəritələrini təqdim etməyə vadar etmək istəməyənlərin üzünə çırpılan acı həqiqət idi. Vaxtilə 4 qətnamənin icrasını tələb etməyənlər 400 nəfərin taleyinə də biganədirlər…Elə Prezidentin bu həqiqətlərdən bəhs etdiyi günlərdə əfsanəvi hərbçimiz dəhşətli mina terrorunun qurbanı oldu.
 
 
Bu hadisədən bir həftə əvvəl Avropa İttifaqının komissarı Marta Kos Ağdama səfər edərək minatəmizləmə əməliyyatlarını izləmiş, həm də Ermənistanın yer üzündən sildiyi şəhərin yenidən tikilməsinə şahidlik etmişdi, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramının həyata keçirilməsi, Böyük Qayıdışın Azərbaycan dövlətinin təkbaşına səyləri nəticəsində reallaşdırılması barədə görülən işlər barədə məlumatlandırılmışdı.
 
Amma nə səfər etdiyi İrəvanda post-münaqişə dövrünün ən böyük humanitar problemlərindən biri olan mina terrorundan, Azərbaycana təqdim olunmalı olan mina xəritələrindən söz saldı, nə də geri dönərkən Azərbaycana yardım haqda təşəbbüs qaldırdı...
 
 
Prezident İlham Əliyev bütün bu məsələlər haqda BMT kürsüsündən danışdı və bir daha dünyanı ədalətə səslədi, özü də təkcə Azərbaycana münasibətdə deyil...
 
Elşad PAŞASOY,
Musavat.com
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər