Bizi sosial şəbəkələrdən izləyin:
Ötən gecə Günəş tutulması ilə eyni vaxtda Günəşdən iki nəhəng protuberans (Günəşin səthində - xromosferdə qırmızı rəngli nəhəng qızmar qaz kütləsi çıxıntısıdır - red.) ayrılıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib və müvafiq görüntüləri dərc edib.
Hadisə Günəşi müşahidə edən bir neçə kosmik gəmi tərəfindən qeydə alınıb.
Məlumata görə, hadisə sentyabrın 21-də, Bakı vaxtı ilə təxminən saat 23:30-da baş verib ki, bu zaman Günəş tutulması maksimum fazasında olub və bunu Yerin cənub yarımkürəsindən görmək mümkün olub.
Yayımlanan kadrlarda Günəşdən, demək olar ki, eyni vaxtda ayrılan iki protuberansı izləmək olar.
Alimlər ikiqat atılmanı nadir və gözəl hadisə adlandırıblar.
Həmçinin qeyd edildiyinə görə, hər bir protuberansın ölçüsü təxminən bir milyon kilometr olub ki, bu da Yerin diametrindən, təqribən, 70 dəfə böyükdür.
Laboratoriyanın açıqlamasına görə, bu hadisə Günəşin aktivliyinin ümumi azalmasına baxmayaraq, nəhəng enerji ehtiyatlarının da saxlandığını təsdiqləyir. /Oxu.az/