Qərbi Azərbaycan Xronikası:
345
08:31, Bu gün

Qərbi Azərbaycan Xronikası: "Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi"

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
 
"Erməni həkim keyidici iynə vurmadan məni əməliyyat etdi" adlı veriliş əslən Göyçə mahalının Basarkeçər rayonunun Qoşabulaq kənd sakini Alay Quliyevin həyat hekayəsinə həsr olunub.
 
O, 1973-cü ildə doğulduğu kənddə 1988-ci ilə qədər yaşadığını, uşaqlıq, məktəb, gənclik illərinin gözəl keçdiyini, bütün fəsillərdə kənd həyatı ilə bağlı xatirələrini danışıb: "Milli bayramımız olan Novruz həyatımızın ən yadda qalan günləri olub və yaddaşımızda silinməz iz qoyub. Hər çərşənbədə lopa, tonqal yandırardıq, axır çərşənbədə papaq atardıq".
 
Onun sözlərinə görə, ermənilər bütün dövrlərdə azərbaycanlılara qarşı vəhşi davranıblar: "Orta məktəbdə oxuyanda boğazımdakı əti kəsdirmək üçün rayona həkimə apardılar. Ermənilər məni əməliyyat qabağı üç gün palatada saxladılar. Bizim palatada Norik adında bir erməni var idi, onu palatadan birinci apardılar və əməliyyat olundu. Norikin səsi gəlmədi. Azərbaycanlılar gedəndə qışqırıq, bağırtı səsi gəlirdi. Çünki ermənilər əməliyyatı keyidici iynə vurmadan,vəhşicəsinə, qışqırda-qışqırda edirdilər. Məni də elə etdilər. Əlimi və gözümü bağladılar. Vəhşicəsinə əməliyyat edəndə qışqırdım ki, çox ağrıdır. Həkim əlimin üstünə əməliyyat bıçağını elə vurdu ki, huşumu itirdim. Biz onların vəhşiliklərini o vaxtdan görmüşük".
 
Qoşabulaq kənd sakini bildirib ki, 1988-ci ilin sentyabr ayında məlum hadisələr başladı: "Oktyabr ayında hamı əliyalın toplaşmışdı. O vaxt ov tüfəngini heç kim qorxudan çıxara bilmirdi. Çünki saxlamaq qadağandır adı ilə əlimizdən alırdılar. Yaba, bel, dırmıq ilə hamı kəndin keşiyində dayanırdı. Oktyabr ayında ermənilər kəndə basqın etdilər. Basqın olanda uşaqları, qadınları kənddən çıxardıq. Bir müddətdən sonra Kəlbəcər rayonunun Otaqlı kəndinə pənah apardıq".
 
A.Quliyev doğulduğu kəndə qayıdacağına inamını itirmədiyini söyləyib: "Ümidlə yaşayırıq ki, bu, əbədi deportasiya olmayacaq. Ora bizim ulu babalarımızın yurdudur, göz açdığımız Vətəndir. Ermənilər qəbiristanlığımızı dağıdıblar. Qəbir daşları dağıdılsa da, gedib məzarlığımızı ziyarət edəcəyəm. Kəndin mənbəyi olan Qoşabulaqdan doyunca su içəcəyəm. Biz oraya qayıtmasaq əcdadlarımız bizi bağışlamaz. Öz yurdumuza sahib çıxıb, dağılan yerləri tikib yaşayacağıq".
 
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər