Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemlərinin (BESS) yaradılmasına başlanılıb.
“AzərEnerji” ASC-dən Moderator.az-a verilən məlumata görə, paytaxta yaxın 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır.
Bildirilib ki, hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.
Qeyd edək ki, Batareya Saxlanc Sistemlərinin yaradılması enerji sistemin dayanıqlığının yüksəldilməsi, tezliyin stabilliyi, kəsintilərin azaldılması baxımından olduqca əhəmiyyətlidir. Bu sistemlərin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemimizin qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.