Qonşusunu yolun ortasında öldürən şəxs cəzadan AZAD EDİLDİ - VİDEO
473
16:00, Bu gün

Qonşusunu yolun ortasında öldürən şəxs cəzadan AZAD EDİLDİ - VİDEO

Göyçayda qonşusunu qətlə yetirən 41 yaşlı Abbas Əliyev cinayət məsuliyyətindən azad edilib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi ekspert rəyləri və prokurorun təklifi əsasında belə qərar qəbul edib.
 
Hadisə Göyçayın mərkəzi hissəsində baş verib. Abbasla 36 yaşlı Şahmar Kərimov qonşu olublar. Son günlərə qədər hər hansı mübahisələri yaşanmayıb.
 
Qonşular arasında şəxsi münaqişə evlərinə yaxın ərazidə başlayıb. Şahmarın "nə etmişəmsə, yaxşı etmişəm" sözündən hiddətlənən Abbas cibindən çıxardığı bıçaqla ona hücum edib. Şahmar qonşusunun gözünün döndüyünü görüb qaçmaq istəsə də, çox uzağa gedə bilməyib. Abbas ona çataraq elə yolun ortasında bıçaqlayıb. O, Şahmara əzab verməklə xüsusi amansızlıqla öldürüb.
 
 
 
Cinayətin baş verməsinə gətirib çıxaran səbəblər ailə məsələlərinə aid olub.
 
İstintaq vaxtı Abbasın başqa cinayətinin də üstü açılıb. Məlum olub ki, o, bir neçə gün əvvəl qonşuluqda yaşayan əmisini də döyüb. Səbəbini isə onlarda kirayə qalan tələbələrin gecə səs salması ilə əlaqələndirib.
 
Təqsirləndirilən şəxsə törətdiyi əməllərə görə xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham elan edilib, barəsində həbs qərarı verilib.
 
Amma ekspert rəyləri və təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti ilə bağlı digər sübutlar vəziyyəti dəyişib. Təqdim edilmiş sənədlərdən görünür ki, Abbas uzun illərdir epilepsiya xəstəliyindən əziyyət çəkir, cinayət törədərkən də xroniki psixi xəstəliyi olubmuş.
 
Prokurorluq da məhkəməyə göndərdiyi qərarda təqsirləndirilən şəxsə cəza təyin edilməməsini təklif edib.
 
Xaliq Məmmədovun sədrlik etdiyi hakimlər işi araşdırdıqdan sonra müttəhimin doğrudan da cinayəti anlaqsız vəziyyətdə törətdiyini təsdiq ediblər.
 
Qərara əsasən, Abbas Əliyev cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə tədbiri təyin edilib.
 
Link kopyalandı!
Son xəbərlər