Sakinlər suyun binaların zirzəmisini basmasından şikayətləndilər - Qurumlar niyə çarəsizdir? - VİDEO
232
18:04, Bu gün

Sakinlər suyun binaların zirzəmisini basmasından şikayətləndilər - Qurumlar niyə çarəsizdir? - VİDEO

Paytaxtın 8 Noyabr prospekti və Cavanşir küçəsində yerləşən binaların zirzəmilərini kanalizasiya suları basıb.
 
Sakinlər deyirlər ki, illərdir kanalizasiya suları binanın zirzəmisinə axıdılır.
 
"50 ildir, binanın kanalizasiya sistemi təmir olunmur. Müvafiq qurumlara dəfələrlə müraciət etsək də, lazımi tədbirlər görülmür", - deyə sakin şikayətini bildirib.
 
Problemlə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən əraziyə baxış keçirilib, zirzəmiləri qrunt suları ilə dolmuş binaların siyahısı rəsmi şəkildə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai Rayon Sukanal İdarəsinə verilib.
 
"Binalardan birinin zirzəmisindəki tullantı su xəttində baş verən qəza isə hazırda aradan qaldırılır. Problemin köklü həllinə nail olmaq üçün həmin suları axıtmaq məqsədilə drenaj sistemi qurulmalıdır. Binaların çökək ərazidə yerləşməsi bu prosesin həyata keçirilməsini çətinləşdirir. Alternativ layihələr ətrafında araşdırmalar aparılır. Müvafiq tədbirlər görüləcək", - qurumdan əlavə edilib.
 
"Azəristiliktəchizat"dan isə qeyd edilib ki, ünvandakı mövcud problem həmin zirzəmidəki xətdə təmir-bərpa işlərini çətinləşdirir:
 
"Zirzəmi qrunt sularından tam təmizləndikdən sonra istiliyin verilməsi bərpa ediləcək".
 
Qurumdan, həmçinin o da bildirilib ki, lazım gələrsə, boruların da yenilənməsi təmin ediləcək.
 
Daha ətraflı Baku TV-nin süjetində:
 
Link kopyalandı!
Son xəbərlər