Bizi sosial şəbəkələrdən izləyin:
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları Bakıda ölüm saçdı. Xalqın azadlıq və müstəqillik səsini tanklarla əzməyə çalışan sovet ordusu qarşısına keçənləri gülləbaran etdi. Canlar can Azərbaycan üçün od oldu, azad Azərbaycan üçün can verdi. O gecənin sabahı dünya daha öncə heç görmədiyi bir xalq müqavimətinə şahid oldu. Bütün vəhşətə rəğmən, milyonlar azadlıq meydanını tərk etmədi. O gecə yaralıların imdadına çatan qəhrəmanlar da var idi - Azərbaycan həkimləri.
Həmin gecə yaşananları Baku TV-yə danışan həkimlər səhərə qədər güllə altında işlədiklərini qeyd ediblər.
"Küçədəki meyitlərlə, yaralılarla ilk biz - təcili yardımçılar üz-üzə gəldik. Həmin gecə heç kim gözləmirdi ki, şəhərə yeridilən qoşun bizə atəş aça bilər. Yaralılar demək olar ki, üst-üstə yığılmışdı. Həkimlər onlara baxmağı çatdıra bilmirdilər", - deyə İradə Nəsirova bildirib.
Yusif Məmmədov isə əlavə edib ki, çağırışa göndərilən həkimlərin qarşısı kəsilərək yaralılara yardım etmək üçün getmələrinə imkan verilməyib:
"Saxlayanda avtomatı üstümüzə yönəldib deyirdilər ki, silahlarınızı təhvil verin. Deyirdik ki, bizdə silah yoxdur, həkim briqadasıyıq. İnanmayıb söyləyirdilər ki, sizdə silah var, verməlisiniz. Buradan belə anlaşılır ki, təlimat verəndə bütün xalqın silahlı olduğunu və onlara divan tutulmalı olduğunu söyləyiblər".
Daha ətraflı videomaterialda: