Məsud Pezeşkian İrandakı təhsil haqqında:
889
14 Jan 2025 | 15:42

Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm" - VİDEO

İran Prezidenti Məsud Pezeşkian təhsil sahəsində müşahidə olunan bərabərsizlik və ədalətsizliyə görə məmurları kəskin tənqid edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"Biz günahkarıq və bu ədalətsizliyi bütün mümkün vasitələrlə aradan qaldırmalıyıq", - deyə dövlət başçısı bildirib.

Prezident ölkənin müxtəlif bölgələrindəki məktəblərin təchizatı və keyfiyyətindəki kəskin fərqləri qeyd edib.

"Bəzi uşaqlar mükəmməl təchiz edilmiş məktəblərdə təhsil alarkən, digərlərinə lazımi şərait yaradılmırsa, bu ədalətlidirmi? Biz, Əli şiələri bununla barışa bilmərik", - deyə Pezeşkian bildirib.

O, həmçinin qeyd edib ki, nüfuzlu universitetlərə əsasən xüsusi məktəblərin məzunları daxil olurlar ki, bu da bərabərsizliyi daha da dərinləşdirir.

İran prezidenti problemin yalnız şüarlar səsləndirməklə həll oluna bilməyəcəyini vurğulayıb.

"Mən xalqa müraciət ünvanlamağa cəsarət etmirəm, bu sözlərlə sizə müraciət edirəm, çünki bunun məsuliyyətini siz daşıyırsınız", - deyə o, məmurlara müraciət edib.

Ölkə başçısının sözlərinə görə, təhsildəki ədalətsizlik probleminin həlli üçün mütləq dövlət vəsaiti lazım deyil - iradə və inam vacibdir.

"Belə bərabərsizlik mövcud olduğu müddətdə məmurlar rahat yatmamalıdırlar. Biz bütün uşaqlara ailələrinin maddi vəziyyətindən asılı olmayaraq bərabər imkanlar yaratmalıyıq", - deyə o vurğulayıb.

Məsud Pezeşkian təhsilin hər bir insanın hüququ olduğunu və bazara həvalə edilməməli olduğunu xatırladıb. O, ölkənin bütün məsul şəxslərini təhsil sahəsindəki ədalətsizliyin aradan qaldırılması üçün səylərini birləşdirməyə çağırıb.

Link kopyalandı!
Son xəbərlər