Özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - FOTO/VİDEO
186
14:57, Bu gün

Özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - FOTO/VİDEO

Qədim Misirdə pişiklər müqəddəs varlıq hesab olunurdu. Onların ölümü əməlli-başlı faciəyə çevrilir, matəm saxlanılır və hətta cəsədləri mumyalanırdı. Pişiklərin müqəddəsliyi daha çox Əhəməni-Misir savaşında ox yağışından qorunmaq üçün onlardan qalxan kimi istifadə olunması əfsanəsinə söykənir.
 
Pişiklər islamda da xüsusi yerə sahibdir; onlar təmizlik rəmzi kimi dəyərləndirilir, digər ev heyvanlarından ayrı tutulur. İnanca görə, Məhəmməd peyğəmbər pişiklərin öldürülməsini qadağan edib. Hətta pişiklərə işgəncə verən bir qadının cəhənnəmə getməsi barədə rəvayət də var.
 
Bakı şəhərinin mərkəzində - İçərişəhərdə yaşayan bir qadın misirli olmasa da, yüzə yaxın pişiyi himayə edir.
 
Moderator.az "Report"un reportajını təqdim edir:
 
İçərişəhər. Hava soyuqdur. Köhnə şəhərin dolanbaclarında qarşımıza çıxan adamlardan həmin qadını soruşuruq. Burada, demək olar ki, hamı onu tanıyır.
 
- Hə, buralarda tez-tez görünür, yanında da pişiklər, - adamlardan biri deyir.
 
- Elə bu pişiyin arxasınca getsəniz, tez taparsınız, - başqa bir içərişəhərlinin tövsiyəsi, - burada bütün pişiklər onun evini tanıyır, - gülə-gülə əlavə edir.

Elə də olur. Bir-iki küçə də davam etdikdən sonra, nəhayət, evi tapırıq. Dəmir darvazanın üzərinə böyük hərflərlə "Pişik evi" yazılıb. Yanında pişik rəsmləri, aşağısında isə Cəlaləddin Rumidən kəlam: "Allah buyurur ki, heyvanlar qiyamət günü danışacaqlar".

Adı Elmiradır. 58 yaşı var. Anası ukraynalı, atası içərişəhərlidir. Amma əsas məsələ onun bioqrafiyası yox, heyvanlara qarşı sevgisidir ki, qapını döyər-döyməz bunu hiss edirdik.

Əlində qab-qacaqla bizi qarşılayır. Həyəcanlıdır.

- Onların yemək vaxtıdır, acıblar, bayaqdan səsləri kəsmir, - deyir.

Düz yeddi ildir ki, həyatını pişiklərə həsr etdiyini deyən Elmira xanım bu qaçaraq həyat tərzindən məmnun görünür. Ya da bunu o qədər sevgi ilə edir ki, bizə elə gəlir. Hər halda, tez-bazar yemək qablarını yerbəyer etməsi, pişiklərlə, az qala, onların dili ilə danışması fonunda bizə yalnız susub izləmək qalır.

- Düşünürəm ki, məni Allah göndərib - pişikləri sevib əzizləməyim üçün. Bu yolu mənim üçün Allah seçib. Mən onun istəyi ilə onlarla sevgimi bölüşürəm. Əvvəllər pişikləri elə küçədə yemləyirdim, amma sonra elə oldu ki, çoxaldılar. Mənim onlara sevgim də çoxaldı, belə... - əli ilə həyətboyu üst-üstə qoyulmuş xırda evcikləri, oradan boylanan pişikləri göstərir.

Əvvəllər heç bir dəstəyin olmadığını deyən Elmira xanım indi müəyyən kömək edildiyini, bununla da həm özünün, həm də pişiklərin xoşbəxt olduğunu bildirir.

- İndi, şükür Allaha, köməyim olur, amma əvvəllər belə deyildi, ona görə də məcbur evdəki əşyalarımı satırdım. Bir xeylisini satmışam, əvəzində onlar üçün yemək almışam. Daha satmaq üçün heç nəyim qalmayıb, amma, şükür Allaha, əvvəlki kimi köməksiz deyiləm.

Yan-yana düzdüyü qablara yemək çəkdikdən sonra həyət darvazasının önünə də ayrıca qabda yemək qoyur. Səbəbini soruşuram:

- Bilirsiniz, bura təzəlikcə bir it gəlməyə başlayıb. Adətən, onu axşamçağı görürəm. Ac olur. İçərişəhərdə nə qədər restoran var, onların hansı birinin yanına getsə, onun üçün, əlbəttə, yemək tapılar. Amma it bura gəlir. Mənim evimə. Yeməyi məndən istəyir. Deməli, onu da Allah göndərib. Mən ona yox deyə bilmərəm.

Yeməyi qaba çəkə-çəkə astadan deyir:

- O da yazıqdır. Acdır. Bu yemək çox dadlıdır. Vitaminlidir. Doyacaq, - gülümsəyə-gülümsəyə hələ ortalıqda görünməyən iti oxşayır.

Qab-qacaq səsini eşidən pişiklərin səsi bütün həyətə yayılır. Səsin sədası ilə biz də həyətə keçirik. İlk başdan içəridə qəribə və kəskin qoxu hiss olunsa da, bu, zamanla yox olur. Ya da biz öyrəşirik.

Həyətin dörd bir tərəfində pişiklər üçün üst-üstə evciklər yığılıb. Bu evciklərdə bir-birindən fərqli ac pişiklər görünür. Səs-səsə qarışıb.

- Bu onları soyuqdan - yağışdan, küləkdən, qardan qoruyur. Amma yenə də soyuqdur. Hiss edirəm ki, üşüyürlər. Burada - əli ilə həyətin küncünə səliqəsiz şəkildə yığılmış tikinti materiallarını göstərir, - bir xeyli material var. Alıb yığmışam. Sağ olsunlar, bu materialları alanda kömək edənlər oldu. Amma daha çox evcik tikdirməyə imkan olmadı. Pişiklərim çoxdur, yarısı qarşıdakı otaqda, yarısı yuxarıdadır, amma dəqiq sayını bilmirəm.

- Yüzə yaxın olar, - müdaxilə edirəm.

- Ola bilər. Mənə əsas onların yaxşı yaşamağı, isti yerdə yatmaları maraqlıdır. Bizə çətindir. Çünki köməyimiz olsa da, azdır. Belə havalarda daha çətin olur. Mən gecə saat iki-üçə qədər bunlarla məşğul oluram. Gün ərzində dörd saat yatsam, qənimətdir, - gülümsəyir.

Elmira xanımın pişiklərə xitabən "bizə" deməsi diqqətdən yayınmır. Sanki pişiklər barədə deyil, ailəsindən danışırmış kimi ürək yanğısı göstərir. O danışdıqca həyətə göz gəzdirirəm. Çox dağınıqdır. Üst-üstə yığılmış qazanlar, qablar, taxta qırıntıları, qum, sement...

- Hamısı yarımçıq qalıb, - müstəntiqsayağı müşahidəm onu narahat edir, - Bu gün onlara toyuqlu yemək bişirmişəm. Vitamini boldur, havalar soyuyub, xeyirlidir, - Elmira xanım danışdıqca pişiklərin səsi daha da yüksəlir. Sanki yeməkdən danışdığımızı hiss edirlər.

- Gündə iki dəfə yemək verirəm. Səhər qalxan kimi bişirirəm, sonra yerlərini təmizləyib yeməklərini paylayıram. Boş vaxtım olan kimi gedib mağazaları gəzirəm, endirimə düşən toyuq əti, bulqur, yerkökü, çuğundur, sarımsaq alıb gətirirəm.

O, pişikləri barədə böyük sevgi ilə danışır. Elə bil Elmira xanımın dünyasında üç anlayış var: o, pişikləri və onlara yardım edən adamlar, vəssalam!

Birdən qamətini dikəldib bizə sarı çevrilir.

- Amma bizə, doğrudan da, çətindir. Mən işləmirəm, - məyus halda dillənir.

- Bəs işləmirsinizsə, bu qədər pişiyin gündəlik tələbatını qarşılamağa...

Sualımı tamamlamağa qoymur.

- Mən dedim axı, onları mənə Allah göndərib. Ruzisini də Allah verir. Bəzən qonşularım kömək edir, yemək gətirirlər, yaxud pul verirlər. Bir də gördün, telefonuma zəng gəlir, - telefonu əlində tutub silkələyir, adama elə gəlir ki, bu dəqiqə telefona zəng gələcək, - gündəlik 4 kiloqram quru yem lazımdır. Quru yemin 1 kiloqramı 6 manat 80 qəpikdir. Dünən getmişdim, ala bilmədim, pulum az idi. Ona görə də bəziləri quru yem yeyə bilmədi, - yaxınındakı ağ pişiyi qucağına götürüb sığallayır. Mənə elə gəlir ki, quru yem bu ağ pişiyə də çatmayıb. Amma Elmira xanımın göstərdiyi ölçüyəgəlməz qayğıdan xoşhallanırdı.

Pişiklər yemək yedikcə sakitləşir, həyətdə bayaqdan bəri yaşanan səs-küy səngiyir. Bu vaxt hasardan qonşu evlərə baxıram.

- Bəs qonşulardan narazılıq edənlər olmur?

- Əvvəllər daha çox olurdu. Amma görürəm ki, zamanla insanlar dəyişir. Əvvəllər narazı olan qonşum bir də görürsən pişiyə yem gətirir, - bir qədər dayanır, pişiklərin yemək yeməyinə baxa-baxa davam edir, - bunların heç kəslə işi yoxdur. Bir az gecələr səs edirlər. Qonşuların narazılıqları da buna görə idi. Əvvəllər qoxu da gəlirdi. Amma mən bu il həyətə bir az beton tökə bildim, indi xeyli azalıb, hətta yoxdur, - başını qaldırıb bizdən soruşur:

- Məgər siz qoxu hiss edirsiniz?

Bu sual bir qədər çətin oldu. Odur ki mümkün qədər yayınmağa çalışıram.

- 58 yaşım var, amma pişiklərlə özümü 20 yaşında hiss edirəm. Elə olur, səhər qalxıram, görürəm ki, bu gün yemək yoxdur, yemək almaq üçün pul da yoxdur. O zaman pişiklərlə danışıram. Deyirəm, gəlin birlikdə Allaha dua edək. Allah bizi eşitsin. Birlikdə dua edirik, bir də görürəm, zəng gəlir. Kimsə pul göndərir. Mən Allahın məni eşitdiyinə inanıram, - başını qaldırıb səmaya baxır. Bayaqdan bəri qucağında saxladığı pişik də onunla bərabər qeyri-ixtiyari səmaya boylanır ki, bu vaxt azan səslənir.

Pişiklərin yemək qablarını yığışdıra-yığışdıra ondan soruşuram:

- Axşam yeməyi üçün nəsə varmı?

- Hələ ki yox. Bir az pul var, amma azdır.

- O zaman gəlin dua edək. Azan səslənir həm də.

Əlindəki qabları yerə qoyub ayağa qalxır. Bir neçə saniyə azan səsinə qulaq kəsilir, sonra pişiklərə baxıb gözünü yumur. Dodaqaltı nələrisə pıçıldayır. Qəribədir ki, o gözlərini yumub dua edəndə pişiklər də tam səssiz olur.

- Mən Allaha dedim ki, pişiklərim üçün mənə kömək etsin.

Təsadüflər zərurətdən doğur deyirlər. Bəlkə, belədir, bəlkə də, yox! Amma bu bir neçə dəqiqə ərzində baş verənlər, həqiqətən, təəccüblüdür. Azan səsi kəsilər-kəsilməz Elmira xanımın telefonuna zəng gəlir. Sevincək:

- Allah səsimizi eşitdi!

Telefona sarı qaçması, həyəcanlı şəkildə onu açması, danışması fonunda biz, sadəcə, olanlara şahidlik edirik. Həqiqətən də, telefonda kimsə dəstəkdən danışırdı. Bir neçə dəqiqə davam edən telefon danışığında Elmira xanım hisslərini cilovlamaqdan ötrü hər şey edir; gah pişikləri sığallayır, gah qucaqlayır, gah qab-qacağa toxunur, gah xırda-xırda düzülmüş evciklərə... Bu əsnada, sadəcə, eyni kəlməni təkrar edir:

- Allah razı olsun, Allah razı olsun!

Telefonu qapadıb bir müddət donuq halda pişiklərə, sonra da bizə baxır.

- Mən dəhşət içindəyəm. Allah bizi eşitdi. Biz Allahın sevimli canlılarıyıq. Aşağı küçədə yaşayan bir nəfərdir. Onda çoxlu toyuq qanadları və ayaqları var. Deyir, gəlib apara bilərsiniz. Sizi yola salan kimi gedib götürəcəyəm.

Sonra davam edir:

- Onların ömrü cinsinə görə dəyişir. Burada hər yaşda və fərqli cinslərdə pişik var. Amma bəzən elə olur ki, vaxtsız ölürlər. Pişiklər həssas canlılardır, onlar da stres keçirə bilirlər. Hətta mənim pişiyimin biri infarktdan ölüb. Yeməyini yedi, bir də gördüm, narahatdır, hiss etdim ki, ürəyi tez-tez döyünür. Döyündü-döyündü və öldü. İnfarkt oldu. Mən Allaha yalvarıram ki, onlar vaxtından əvvəl ölməsinlər. Nə ömürləri var ki...

Bir də hansısa xəstəliyə görə tez ölmələrini istəmirəm. Şəkər olurlar, qaraciyərləri xəstələnir, iflic keçirirlər. Onlar öləndə dəhşət kədərlənirəm, çox pis oluram, - səsi titrəyə-titrəyə davam edir, - amma əlac nədir? Buralara yaxın torpaq ərazilərə gedirəm, qazıb basdırıram.

Pişiklərinə iynə-dərman vurmağı qəti şəkildə xoşlamadığını deyən qəhrəmanımın fikrincə, təbiət onlar üçün yetəri qədər immunitet verib, əsas odur, qidaları yaxşı olsun.

- Pişiklərimin hər birinin öz adı var. Onlara davranışlarına görə ad verirəm. Məsələn, bu pişiyin adı Sədaqətdir, - yanımızdan dövrə vuran qaraxallı pişiyi qucağına alıb sığallayır, - elə sadiqdir ki...

Bayaqdan bəri səssiz-səmirsiz bizi izləyən pişiyi göstərib soruşuram:

- Bəs bunun adı nədir?

- Onun adını hələ qoymamışam, - bu dəfə onu qucağına götürüb sığallayır, - çox həssas pişikdir, tez-tez xəstələnir.

- Onda elə qoy adı Zərif olsun.

- Siz deyirsinizsə, olsun. Bu pişiyin adı oldu Zərif, - sevincək Zərifi sığallayır.

- Adını mən verirəm, yemini qonşular versin, - sözümə Elmira xanım bir xeyli gülür.

Bu vaxt həyətin önünü bir xeyli turist kəsdirir. Elmira xanım deyir ki, gün ərzində belə hallar tez-tez təkrarlanır. Elə biz çəkiliş etdiyimiz bir saatdan çox vaxtda iki dəfə fərqli turist qrupu həyətə baş çəkdi. Elmira xanım onları ingilis dilində salamlayır. Dialoqdan aydın görünür ki, əməlli-başlı ingiliscə danışa bilir...

Elmira xanım turistlərlə məşğul olduğu vaxt öyrənirəm ki, həyətdəki evciklərin bir hissəsində fiziki cəhətdən qüsurlu pişiklər yaşayır. Birinin bir gözü görmür, birinin bir ayağı yoxdur, biri tamamilə kordur...

Turistləri yola salan Elmira xanım sevincli görünür. Əlində 20 manatı tutub silkələyir.

- Bu da axşam yeməyi üçündür, turistlər verdi, Allah razı olsun.

Söhbətimizi yekunlaşdırırdıq ki, bayırdan it səsi gəlir. Elmira xanım qaçaraq həyətdən çölə boylanır. Bayaq bəhs etdiyi itdir, gəlib ləzzətlə qabdakı yeməyə girişib. Elmira xanım onun başının üstündə dayanıb sevgi ilə tamaşa edir. Biz də yavaş-yavaş dəfə-darağımızı yığıb, onları baş-başa qoyub çıxırıq.

- Elmira xanım, bəs adamlar sizə kömək etmək istəsələr, nə edək? - həyətdən çıxa-çıxa soruşuram.

Ciblərini eşələyib telefonunu göstərir:

- Mənə həmişə zəng çatır, mən həmişə zəng gözləyirəm - kömək üçün...

Link kopyalandı!
Son xəbərlər