Bizi sosial şəbəkələrdən izləyin:
Baku TV Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun mayoru İlkin Rzayev haqqında reportaj hazırlayıb.
Silah yoldaşları arasında “Murov aslanı” kimi tanınan İlkin Rzayev Murov yüksəkliyinin alınmasında böyük şücaət göstərərək bizə qələbə sevincini yaşadıb.
İlkin Rzayev Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb Şəhidin anası Balaxanım Rzayeva oğlu ilə bağlı xatirələrindən danışarkən qeyd edib ki, İlkinə Vətən sevgisi atasından keçib.
“İlkin qazi atanın şəhid övladıdır. Atası 1993-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə, əmisi isə Murov dağında xidmət edib”, – deyə o bildirib. Balaxanım Rzayeva İlkin ilə son telefon söhbətindən bəhs edib:
“Oktyabrın 2-si İlkin zəng etdi. Mənimlə danışdı, elə həmin vaxt dedim ki, yoldaşın da səsini eşitsin. Zeynəb onunla danışanda söylədi ki, İlkini çağırdılar. Sən demə, həmin vaxt balamı vurublarmış”. Şəhidin anasının sözlərinə görə, oğlu 72 gün qarın altında qalıb: “Oktyabrın 2-dən dekabrın 18-nə kimi hər gün dedilər ki, İlkin kəşfiyyatdadır. Dekabrın 10-da bir də gördüm ki, 5-6 cavan oğlan bizə gəlib. “Ana, qorxma, pis nəsə baş verməyib. Biz səndən, bir də İlkinin oğlu Əlidən DNT testi götürəcəyik” dedilər. Sən demə, oktyabrın 2-dən balam yox imiş. Dekabrın 16-da İlkini tapıblar. Mənim dinli, imanlı balam 72 gün qarın altında qalıb. 72 gündə İlkinə o dağlar laylay deyib, yastığı daş, yorğanı qar, döşəyi buz olub”.
Ətraflı süjetdə: