Azərbaycan təyyarəsini ruslar vurub? – HÜQUQ MÜDAFİƏÇİSİ DETALLARI AÇIQLADI
3164
10:37, Bu gün

Azərbaycan təyyarəsini ruslar vurub? – HÜQUQ MÜDAFİƏÇİSİ DETALLARI AÇIQLADI

“Fakt budur ki, hava hücumundan müdafiə sistemi işə düşüb və səhvən mülki təyyarəni vurub. Zərbənin nəticəsində hava gəmisi idarəetmədən çıxıb. Əlbəttə ki, bu, quş sürüsünün təyyarəyə çırpılması nəticəsində baş verməyib. Rusiya rəsmiləri, onlara bağlı media qurumları bu versiyanı ortaya atmışdılar. Amma bu, belə deyil”.
 
Bu barədə rusiyalı hüquq müdafiəçisi Vladimir Oseçkin “YouTube” kanalında yayımlanan verilişlərin birində söyləyib.
 
O qeyd edib ki, Aktauda təyyarənin düşdüyü yerdən bloqerlərin, jurnalistlərin, digər insanların çəkdiyi görüntülər təyyarənin gövdəsində, quyruq hissəsində dəliklərin olduğunu göstərir.
 
 
Hüquq müdafiəçisinin sözlərinə görə, rusiyalı hərbi və aviasiya ekspertləri bu görüntülərlə tanış olublar, gəlinən qənaət budur ki, təyyarə hava hücumundan müdafiə sistemi ilə vurulub: “Ehtimal olunur ki, bu sistem “Pantsir”dir. Bu sistemin mükəmməl silah olmadığı, tez-tez yanlışlığa yol verdiyi, hədəfdən yayındığı da məlumdur. Bu sistem pilotsuz uçuş aparatlarını faktiki olaraq görmür. Yəni, sadəcə hədəfi müəyyən edir və atəş açır. O hədəfin nə olduğunu tam müəyyən edə bilmir”.
 
 
Vladimir Oseçkin genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin getdiyinə diqqət çəkib. Deyib ki, indiki halda Rusiya Ukraynanı bombalayır, Ukrayna da buna qarşılıq olaraq Rusiya ərazisinə, o cümlədən hərbi hədəflərə zərbə endirir: “O da məlumdur ki, mülki təyyarə qəzaya uğrayan gün səhər saatlarından Qroznı şəhərinə pilotsuz uçuş aparatları ilə hücumlar olub. Məntiqlə bu zaman hava hücumundan müdafiə sistemi işə düşməliydi və işə düşüb. Təəssüf ki, nəticədə də belə bir faciə yaşanıb. Təyyarə qəzasında dünyasını dəyişənlərin ailələrinə səbir, yaralananlara şəfa diləyirəm. Hava gəmisində ekipaj üzvü və sərnişinlərlə birlikdə 67 nəfər olub”.
 
 
Hüquq müdafiəçisi vurğulayıb ki, yalnız pilotların qəhrəmanlığı və möcüzə sayəsində onlarla insan həyatda qalıb: “Bu insanlardan bəzisi ağır yaralıdır. Amma fakt budur ki, həyatdadırlar. Burada pilotların qəhrəmanlığını xüsusilə qeyd etmək istəyirəm. Onlar bilirdilər ki, vəziyyət mürəkkəbdir, təyyarə idarəetmədən çıxıb, hər nə etsələr də öz həyatlarını xilas edə bilməyəcəklər. Buna rəğmən, son ana qədər mübarizə aparıb öz həyatları bahasına onlarla insanın sağ qalmasına səbəb oldular. Bu, böyük bir qəhrəmanlıqdır”.
 

Xatırladaq ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 35 nəfəri həyatını itirib, 32 sərnişin isə sağ qalıb. İlkin səsləndirilən versiya kimi təyyarənin quş sürüsü ilə toqquşması göstərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər