Bizi sosial şəbəkələrdən izləyin:
Üsyançı qruplaşmaların döyüşçüləri Suriyanın Dəraa şəhərini nəzarət altına aldıqlarını elan ediblər.
Moderator.az bildirir ki, bu barədə "Reuters" nəşri məlumat verib.
Bildirilib ki, bu, 2011-ci ildə ölkə prezidenti Bəşər Əsədə qarşı qiyamın başlanmasının simvolik yeri hesab olunur və hökumət ordusunun son bir həftədə itirdiyi dördüncü şəhərdir.
Üsyançıların nümayəndələrinin sözlərinə görə, qoşunlar anlaşma çərçivəsində şəhəri tərk etməyə razılaşıblar. Bu anlaşma sayəsində onlar Dəraadan 100 kilometr şimalda yerləşən Dəməşq şəhərinə təhlükəsiz şəkildə keçiblər.
Sosial şəbəkələrdə üsyançıların şəhəri ələ keçirmələrinə dair görüntülər yayımlanıb. Sözügedən görüntülərdə onların şəhərdə motosiklet sürdükləri kadrlar yer alıb.
Hazırda Suriya rəsmiləri və ya hökumət ordusundan hər hansı bir şərh gəlməyib, müstəqil mənbələr isə bu məlumatı təsdiq edə bilməyiblər. /Oxu.az/