Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”nın icrası ilə əlaqədar “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” layihəsi çərçivəsində məcburi köçkünlər üçün bilik və bacarıqların artırılması təlimləri təşkil edilib.
Moderator.az xəbər verir ki, təlimlərə işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək keçmiş məcburi köçkünlər cəlb olunublar. Belə ki, Böyük Qayıdış prosesində dogma yurda geri dönən əhalinin rahat və təhlükəsiz yaşayış şəraiti ilə yanaşı iş yerləri ilə təmin edilməsi də ön plandadır. Prezident İlham Əliyev uzun müddət məcburi köçkün vəziyyətində olan vətəndaşların maddi rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Dövlətimizin başçısının tapşırığı ilə işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrdə onlar üçün iş yerləri yaradılır, məşğulluq və sahibkarlıq təşəbbüsləri dəstəklənir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərin sosial məsələlərlə bağlı müraciətlərinə həssaslıq göstərir, müsbət həlli üçün tapşırıqlar verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması prosesində məşğulluq məsələlərinin həlli istiqamətində məqsədyönlü iş aparır. Məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi, peşə hazırlığı və sahibkarlıq təlimləri, mikrobizneslərin yaradılması kimi tədbirlər həyata keçirilir.
Dövlət Komitəsi tərəfindən təşkil olunan təlimləri peşəkar mütəxəssislər aparırlar. Məcburi köçkünlərə dərzi, bərbər, vizajist, aşpaz peşələri və digər peşələr öyrədilir.