Bizi sosial şəbəkələrdən izləyin:
Son günlərdə Türkiyədə məktəblilər arasında təhlükəli tendensiya yaranıb.
Şagirdlər elektron siqaretləri gizli şəkildə məktəbə gətirmək üçün meyvə suyu qutularından istifadə edirlər.
Türkiyədə 2020-ci ildən etibarən elektron siqaretlərin satışı qadağan edilib. İlk vaxtlar adi siqaretlərdən daha az zərərli alternativ kimi təqdim olunan bu cihazlar, meyvə və şirin dadlara malik olması səbəbindən xüsusilə gənclər arasında geniş yayılıb.
Lakin qadağaya baxmayaraq, bəzi mağaza və internet saytlarında gizli şəkildə satılan bu cihazlara 500-600 lirə arasında qiymət qoyulur. İstifadə olunmuş cihazların qiyməti isə 100 lirəyə qədər enə bilir. Təəssüf ki, bu zərərli vərdiş orta məktəb yaşına qədər düşüb. Məktəblərdə müəllimlər tərəfindən keçirilən yoxlamalarda elektron siqaretlərin tapılması şagirdləri yeni üsullara əl atmağa vadar edib.
Yeni üsula görə şagirdlər boş meyvə suyu qutularına elektron siqaretyerləşdirirlər. Daha sonra məktəbdə bu qutulardan pipet vasitəsilə guya meyvə suyu içirlərmiş kimi, əslində zəhərli tüstü qəbul edirlər.
Bu təhlükəli meyillə mübarizə aparmaq üçün məktəblərdə nəzarətin gücləndirilməsi, valideynlərin və müəllimlərin məlumatlandırılması vacibdir. Gənc nəslin sağlamlığı üçün bu cür halların qarşısını almaq birgə səylərlə mümkündür. /Milli.az/